Qurban Qurbanova qarşı təxribat

Qurban Qurbanov – Azərbaycanın bir nömrəli məşqçisi və ya ölkə futbolunun xilaskarı kimi baxdığımız şəxs. Niyə? Çünki bu boyda ölkədə ən parlaq zəfərlər məhz Qurbanovun adıyla bağlıdır.
Bizə xəyal kimi gələn Çempionlar Liqası ilə bağlı arzumuzu reallaşdırdı. “Qarabağ”ı 8 komandalı çempionatdan qitənin bir nömrəli turnirinin qrup mərhələsinə qədər daşıdı. “Çelsi”, “Roma”, “Atletiko” kimi futbol əjdahaları və onların ulduz futbolçularını Bakıya gəldi… Bu uğurdan sonra Qurban Qurbanovun Azərbaycan millisinə baş məşqçi təyin edilməsi də təsadüfi deyildi. Bu, çoxlarının arzusu, istəyi idi. Bəlkə də, ilk baxışdan Qurbanovun özü də bu təklifə müsbət yanaşmayıb. Amma nə edək ki, döyüşə getməyə başqa əsgərimiz, taktikanı quracaq generalımız yoxdur? Bir halda ki, Qurban bəy məsuliyyəti üzərinə götürüb, döyüşə gedibsə, onu hər addımında dəstəkləməliyik. Təbii ki, bu təyinat AFFA-nın rəhbərliyində təmsil olunan bəzi şəxslərin ürəyincə deyil.
Elə ilk fürsətdəcə onu arxadan vurmağa çalışanlar da var. Niyə belə etsinlər ki? Çünki Qurbanov qənaətcildir, lazımsız təlim-məşq toplanışları təşkil edib, kimlərinsə ciblərini doldurmağa şərait yaratmayacaq. Çünki lazımsız futbolçuları təlim-məşq toplanışlara dəvət edib, pulları göyə sovurmayacaq. Çünki kimlərsə baş məşqçinin maaşından faiz tuta bilməyəcək. Xüsusən də baş katib Elxan Məmmədov… Artıq indidən ürək bulandırma kampaniyasına start verilib. Bunu AFFA-nın rəsmi “facebook” səhifəsinə göz gəzdirəndə də anlamaq çətin deyil. Təsəvvür edin, oyundan öncə millinin start heyətini əks etdirən paylaşım edilib, amma Qurban Qurbanovun baş məşqçi kimi adı qeyd edilməyib. Oyundan sonra isə matçın yekun nəticəsini əsk etdirən “Azərbaycan 0:1 Belarus” paylaşımında Qurban Qurbanovun adı qeyd edilib. Görəsən, bu, Qurban Qurbanova qarşı təxribat deyil, bəs nədir? AFFA-nın başbilənləri subliminal mesaj verməyə çalışırlar ki, yəni Qurban Qurbanov da gəldi, milliyə bir xeyiri olmadı.
Sən Allah, hansı dünya təcrübəsində oyunun yekun nəticəsinin altında baş məşqçinin adının qeyd edildiyini görmüsüz? Yox, əgər bu düşünülmüş mesaj deyilsə, niyə Robert Prosineçkinin vaxtında da bu tip paylaşımlar edilmirdi? Çünki xorvatiyalı çalışdırıcının yığmada çalışması Elxan Məmmədovla yanaşı, kabinetlərdə vitse-prezident olanlara sərf edirdi. Odur ki, bu təxribata uymayın, cənablar! Elxan Məmmədov və onun ətrafı bu kimi təxribatlara əl atmaqdansa, oturub niyə milli səviyyəsində futbolçu yetişdirə bilmədiklərini, ümidimizi nəyə görə əcnəbilərin milliləşdirilməsinə bağladığımızı düşünsün. Düşünsün ki, heç olmasa Qurbanovun çöçələ barmağı qədər Azərbaycan futboluna xeyiri dəyibmi? Bu, AFFA-nın Hesabat Konfransında utanmaz-utanmaz “Qarabağ”ın Çempionlar Liqasında yeganə 8 komandalı çempionatın təmsilçisi olduğunu qürurla söyləməyə bənzəməz ki…
EMİN SƏFƏROV
COP29