Quru ağac, ölü arı, susuz ev… – Kürdəmirin ilan mələyən “Şuşalılar qəsəbəsi”ndən REPORTAJ

Yenicag.az-ın reportyor qrupu şuşalıların məskunlaşdığı qəsəbədən reportajı sizə təqdim edir:

Kürdəmir rayonunun ərazisində, rayon mərkəzinin bir neçə kilometrliyində 26-sı Şuşadan, 4-ü isə Laçından olan 30 ailə yaşayır.

Qəsəbəyə doğru hərəkət edirik. Qarşımıza bir kişi çıxır. “Bura şuşalıların yaşadığı qəsəbədir?”, deyə, sual veririk. Kişi maraqla üzümə baxıb, “düz gəlmisiniz, bala” deyir. Sonra davam edir, “kimsən, kimlərdənsən?” Jurnalist olduğumuzu deyirik. Deyir, “azıf gəlifsiniz, yoxsa göndəriflər, ay bala?”. Deyirəm, “ay dayı, nə azmışıq, nə də göndəriblər, eşidib, öyrənib gəlmişik”. “Qınamayın, a bala, ilk dəfədir bura jurnalist gəlir, ona görə birinci özüm sorğu-suala tutdum. Xoş gəlmisiniz”, deyib əl uzadır.

Məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış yeri baxımından müəyyən bir inkişaf mərhələsi keçib; əvvəlcə çadır, bir neçə il sonra qamışdan, qarğıdan hörülən otaq, kərpic daxma və ən sonda daşdan ev… Ancaq burada çadırdan başqa digər mərhələlər qalmaqda davam edir. Daxmalarda, kərpic, daş evlərdə yaşayan ailələr var. Belə bir yerdə nəinki asfaltın, doğru-düzgün yolun varlığını düşünmək belə axmaqlıq olardı.

30 evin 1 məktəbi, daha doğrusu bir sinif otağı var. Qəsəbədəki uşaqlar orada ibtidai sinifi bitirənə qədər oxuyur, daha sonra ya rayona, ya da yaxın kəndlərdəki məktəblərdə təhsillərini davam etdirməyə gedirlər.

Qəsəbə sakinlərinin içməli suyunu Kürdəmir rayon icra hakimiyyəti təmin edir. Qış aylarında 1 dəfə, yayda isə ayda 2 dəfə qəsəbə sakinlərinə içməli su verilir. Çimmək, əl-ayaq, pal-paltar və heyvanlar üçün su isə arxdan götürülür. Qazdan söhbət belə gedə bilməz. İşığın olduğuna da inanmırdım, ta ki qonaq olduğumuz evdən çıxanda uşaqların “uraaa” deyə qışqırdıqları ana qədər… Lampalar azacıq közərirdi…

Dağdan, sərin meşələrdən, buz bulaqlardan, təmiz havadan çıxıb, Kürdəmir kimi isti bir iqlimə malik olan rayonda yaşamağın necə bir dəhşət olduğunu Xosrov Abbasov nəql edir.

“Şuşa kimi yerdən gəlib, burada yaşaya biliriksə, demək, insan hər şeyə qadirdir. Burada ağacın da ömrü yoxdur. Ağacı əkirik, bir müddət sonra quruyur. Heyvanların da ömrü qısadır. İşimiz heyvandarlıqdır. Pensiya, çörəkpulundan başqa gəlir yerimiz yoxdur”.

Müsahiblərimin sözlərinə görə, son zamanlar Kürdəmirdə yeni yaşayış binasının tikiləcəyi barədə xəbərlər yayılıb. Deyilənə görə, qəsəbə sakinləri də oraya köçürüləcək. Ancaq onları narahat edən başqa məqamlardır.

“Burada torpağımız, mal-qaramız, əkinimiz var. Binada boş ev verəcəklər, iş yox, güc yox, camaat nə ilə dolanacaq? 4 divar arasında nə etmək olar? Əgər bizi oraya köçürtsələr heç olmasa torpağımıza dəyməsinlər. Torpaqdan başqa gəlir yerimiz yoxdur”. Bunları isə Əsgər Quliyev deyir.

Həyətdə oynayan balaca uşaqları görürəm. “Xosrov dayı, bu uşaqlar şuşalıdır, laçınlıdır, yoxsa kürdəmirli?”, deyə soruşuram.

Xosrov kişi başını mənalı-mənalı tərpədərək cavab verir:

“Şuşalı olanlar deyir, “şuşalıyıq”; laçınlı olanlar da “laçınlıyıq”, deyirlər. Uşaqları elə öyrətmişik”.

Şuşada doğulan erməni uşaqları…

Vətən doğulduğun yerə deyilir. Bu gün Şuşada erməni uşaqları doğulub-böyüyür. Görəsən onlar daha çox şuşalıdır, yoxsa Kürdəmirdə doğulan uşaqlar? Biz niyə bu qədər gecikirik? Bu gecikmənin çox pis nəticəsi olacağanı niyə anlamırıq?

Məktəbin müəllimi Zeynəb İslamova ilə söhbət edirik. Əvvəlcə Şuşadan, necə didərgin düşmələrindən danışır:

“Şuşa gözəl idi, dağlar, buz bulaqlar… Düzdür, ölkəmizin hər yeri vətəndir, ancaq bura öyrəşə bilmirik. Hələ də ümidlə yaşayırıq. Burada hamının şəraitinə baxa bilərsiniz, görün insanlar harada, nə gündə yaşayırlar? Şuşadan çıxanda çöp də götürmədik, elə bildik qayıdacağıq, açığı o hiss hələ də ölməyib. Neçə illərdir ki, buradayıq, hələ torpağın dilini tam bilmirik, heyvanlarımız tələf olur, arılarımız ölür. Biz Şuşada harada görmüşdük toyuq-cücəyə, mal-qaraya, arıya dərman verərlər?”.

Öyrənirəm ki, 26 ildir Kürdəmirdə məskunlaşmaqlarına baxmayaraq, rayon camaatı ilə qohumluq əlaqələri yoxdur. Qız köçürüb, oğul evləndirmək üçün ancaq özlərinə üz tuturlar.

Zeynəb müəllimə şagirdlərindən razılıq edir. Deyir ki, şərait olmasa da uşaqlar dərsə can yandırır:

“Məsuliyyət başqadır, üstəlik müəllim daha məsuliyyətli və vicdanlı olmalıdır. Mənim məsuliyyətim isə daha çoxdur, bu uşaqlar şagirdlərim olmaqla yanaşı həm də öz qohum-əqrabamın balalarıdır, ona görə də üstlərində daha çox əsirəm. Hamısı da yaxşı oxuyur, ibtidai sinifi bitirib, rayona getdikdə oradakı müəllimlər də razı qalırlar. Bu qəsəbədən bir neçə uşaq universitetə daxil olub. Hazırda məktəbdə 9 şagird təhsil alır”.

Söhbəti bitirdikdən sonra qəsəbəni gəzməyə çıxırıq: heyvana ot qoyan kim, itə yal verən kim, at üstündə kəndlisini səsləyən kim…

Qəsəbədə kimin necə yaşadığı ilk baxışdan bəllidir: daxmalarda lap kasıb, kərpic evlərdə orta təbəqə, daş evlərdə isə nisbətən imkanlı şuşalılar yaşayır.

Buradakı insanların tək gəlir yeri var: o da torpaqdır. Torpağından didərgin düşənlər, torpağa tapınıblar. Sanki bir alın yazılar var: ancaq torpaq!!!

İtirəcəksən, yaşamaq üçün işlədəcəksən, işləyəcəksən, ölüb qovuşacaqsan…

Səxavət Məmməd

COP29