Quru meyvələr 30 dəfə baha satılır – Şok siyahı

qurumeyveeahaÖlkəyə idxal olunan quru meyvələrin satış qiymətlərini əks etdirən şok siyahı yayılıb. Siyahıdan görünür ki, məhsullar idxal qiymətlərindən 20-30 dəfə baha satılır.

Siyahını İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov hazırlayıb.

V.Məhərrəmov AzNews.az-a açıqlamasında bildirib ki, idxal qiymətləri Dövlət Statistika Komitəsindən götürülüb: “Siyahı Dövlət Statistika Komitəsinin 2013-cü ildə Azərbaycana gətirilən məhsulun idxal dəyərindən qaynaqlanaraq hazırlanıb. Yəni, Azərbaycana nə qədər və hansı məhsullar idxal olunub, adları, çəkisi, dəyəri ilə siyahıda yer alıb. Mən sadəcə araşdırma aparıb, hesablayıb onu təqdim etmişəm. Bu ilk deyil. Belə siyahıları tez-tez tərtib edib ictimailəşdirirəm”.

V.Məhərrəmov qeyd edib ki, quru meyvələr təkcə Ərəb ölkələrindən deyil, Özbəkstan, Avropadan, Rusiyadan, Ukraynadan da idxal olunur: “Coğrafiya genişdir. Hələ mən meyvələrin idxal olunduğu ölkələrin adlarını tam verməmişəm. Siyahıdakı qiymətlərə gəldikdə, orada heç bir yalnışlığa yol verilməyib. Bəzi məhsullarda həqiqətən də hansı ölkədən gətirilib o qiymət göstərilib. Ancaq bəzilərində bilərəkdən qiyməti aşağı salıblar. Burada işbazlar başqa məqsəd güdüblər.

Məsələn, qonşu Gürcüstandan 25 kq çəkisi olan qoyunu 10 manata sənədləşdiriblər. Guya o qoç 10 manata alınıb, nəqliyyat vasitəsi ilə Azərbaycana gətirilib. Hətta sığorta xərci də nəzərdə tutulub. Bu necə olar bilər? Gürcüstandan 10 manata 25 kq çəkidə qoç alıb Azərbaycana gətirmək mümkündürmü? Əlbəttə ki, qeyri-mümkündür.

Yaxud da 24 manata böyük bir inəyi, 120 kq əti olan heyvanı alıb gətirmək olarmı? Biz bu rəqəmləri üzə çıxardıq. İndi isə aidiyyəti qurumlar düşünməlidir ki, harada yalnışlığa yol verib?”

V.Məhərrəmovun sözlərinə görə, qeyd olunan qiymətlər sahibkarların uydurmasıdır və məmurlar bu məsələyə dərhal reaksiya verməlidir: “Kimlərin bu məsələdə xətalara yol verdiyi aydındır. Hökümət, məmurlar buna reaksiya verməlidir. Bu onların səlahiyyətindədir. Mən deyə bilmərəm ki, Özbəkstandan gətirilən qoz 40 qəpiyə alınıb, yoxsa 2 manata. Bu malı alıb Azərbaycana gətirən sahibkar deyə bilər. Hətta həmin qozun qiyməti o ölkədə 40 qəpiyə olsa belə sənədləşdirən onu şübhə altına almalıdır. O, deməlidir ki, belə qiymətə Özbəkstanda qoz ola bilməz. Mümkün deyil, belə olarsa özbəklər onu niyə satır?”