Quru sərhədlərin bağlı olmasının müəmmalı səbəbi: “AZAL qədər bahalı turizm şirkətləri var”

“Quru sərhədlərin bağlı olması kənarda valyuta xərclənməsinin qarşısını almaqla yanaşı, əsasən, oliqarxiyanın mülkiyyətində olan turizm obyektlərinə daha çox qazanc vermək istəyindən irəli gəlir”.

Yenicag.az xəbər verir ki, bu sözləri quru sərhədlərinin açılmamasının səbəblərinə toxunan iqtisadçı Rövşən Ağayev deyib.

İqtisadçı bildirib ki, quru sərhədlərinə tətbiq olunan məhdudiyyətin bir sıra səbəbləri var:

“Quru sərhədlərinin açılmaması AZAL və ya “Buta” kimi şirkətlərin maraqlarına xidmət etməkdən ibarət ola bilər. Bununla yanaşı, yay mövsümündə insanlar daha ucuz və keyfiyyətli turizm məkanları kimi Gürcüstana, oradan da Türkiyəyə üz tuturdular. Bizim çimərliklərin gigiyenik standartlara cavab vermək baxımından ciddi problemləri var. Ona görə dəniz turizminə marağı olan şəxslər, ən azından, Türkiyəyə və Gürcüstana qaçmağa çalışır.

Sərhədlərin bağlı olması həmin insanların xaricə getməsinə mane olmaqla oralarda pul xərcləməməsinə səbəb olur. Bu, kənarda valyuta xərclənməsinin qarşısını almaqla yanaşı, əsasən, oliqarxiyanın mülkiyyətində olan turizm obyektlərinə daha çox qazanc vermək istəyindən irəli gəlir. O turizm obyektləri ki, keyfiyyətə və qiymətə görə adını çəkdiyim qonşu ölkələrə uduzurlar. AZAL qədər bahalı turizm şirkətləri də məhz oliqarxlarındır. Qüvvədə olan məlum qadağa ilə 700-800 milyon dolların qarşısını almağa nail olurlarsa, bunu uğur sayırlar”.

Gülşən Şərif

COP29