Quru sərhədlərinin AÇILMAMASI: “Bu, soydaşlarımızın həm mənəvi, həm də maddi çöküşü deməkdir” – ETİRAZ

ABŞ-nin Xəstəliklərə Nəzarəti və Qarşısı Alınması Mərkəzlərinin verdiyi qərara əsasən, iyunun 12-dən etibarən Amerikada hava ilə səyahət edən sərnişinlərdən COVID-19 test nəticələri və ya COVID-19 xəstəliyindən sağalma barədə sertifikat tələb olunmayacaq. Dünyanın bir çox ölkələrində koronavirus məhdudiyyətləri artıq aradan qaldırılsa da, ölkəmizdə quru sərhədləri ilə bağlı qərar hələ də qüvvədədir.

Mövzu ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında bildirib ki, quru sərhədlərinə tətbiq olunan məhdudiyyətin hələ də aradan qaldırılmaması iqtisadi inkişafla yanaşı, insanların sosial həyatına da mənfi təsir göstərir:

“Quru sərhədlərinin indiyədək bağlı saxlanılması məntiqsizdir. Sərhədlərin bağlı saxlanılması üçün heç bir səbəb yoxdur. Doğrudur, pandemiyanın bitməsi barədə hələ yekun fikir bildirilməyib, amma, ən azından, yoluxma sıfıra enib, ölüm yoxdur. O cümlədən, bütün dünya ölkələri quru sərhədlərini açıblar. Bu vaxta kimi sərhədlərin açılmaması həm ölkəmizə, həm də vətəndaşlarımıza ciddi zərərlər verir.

Quru sərhədlərinin bu qədər müddətdir bağlı olması qonşu ölkələrdə yaşayan soydaşlarımızın həm mənəvi, həm də maddi çöküşü deməkdir. Onlar quru yolu ilə gələrək yaxınları ilə görüşməyə gələ bilmirlər. Hava yollarından istifadə üçün də yetərli qazancın olmaması əksər insanların iki ildən çoxdur ki, ailəsini görməyinə əngəl törədir. Təyyarə biletlərinin fantastik qiyməti hər kəsə məlumdur. Həmin insanlar təyyarə ilə gələ bilsələr də, dəfələrlə artıq xərc çəkməli olurlar. Əgər ailən ilə gəlirsənsə, vəziyyət daha çətin olur. Sərhədlərin bağlı qalması turizm sektoruna da ciddi zərər verir. Regiondakı digər qonşu ölkələr artıq çox sayda turist qəbul etməyə başlayıblar. Turizmdən qazanan insanlar, rayonlarımız, həmçinin dövlət bu səbəbdən xeyli qazanc itirmiş olurlar”.

Gülşən Şərif