Qurum rəsmisindən şikayətə CAVAB: “Məsələ tərəfimizdən araşdırılır”

“Konkret fakt üzrə hər hansı bir müraciət daxil olduğu təqdirdə məsələ tərəfimizdən araşdırılır”.

Bunu Yenicag.az-a açıqlamasında redaksiyamıza daxil olan şikayət əsasında qurumun mövqeyini bildirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

O, bildirib ki, Sumqayıtdan Bakı şəhəri istiqamətinə ictimai nəqliyyatın təşkili ilə bağlı sərnişin tələbatı nəzərə alınaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Sumqayıt şəhər Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 595 və Sumqayıt şəhər avtovağzalını metronun “20 Yanvar” stansiyası əlaqələndirən 594 nömrəli ekspress marşrut xətləri təşkil edilib.

“Xətlərdəki avtobuslar 8-11 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir. Ekspress marşrut xətti boyu az dayanacaq sayı müəyyən edilib. Hər iki marşrutda aralıq dayanacaqlar “Bağçalı Şəhər” yaşayış kompleksi, Sumqayıt dairəsi və Ceyranbatan qəsəbəsidir. Daşıyıcı tərəfindən sürücülərə təyin olunmuş dayanacaq məntəqələrində nəqliyyat vasitəsində yer olduğu təqdirdə dayanmaqla bağlı tapşırıq verilib. Qeyd edək ki, ekspress avtobuslarda ayaq üstə sərnişin daşınması üçün konstruksiya nəzərdə tutulmadığından, bu, yolverilməzdir və təhlükəsizlik qaydalarının pozulması deməkdir. Konkret fakt üzrə hər hansı bir müraciət daxil olduğu təqdirdə məsələ tərəfimizdən araşdırılır”, – deyə o bildirib.

Xatırladaq ki, ötən gün Bakı-Sumqayıt-Bakı marşrutu üzrə fəaliyyət göstərən 594 nömrəli ekspress avtobusunun fəaliyyəti ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Ətraflı məqaləni buradan oxuya bilərsiniz:

https://yenicag.az/ayna-dan-novbeti-tamasa-avtobusda-yer-var-amma-sikayet/