Qurumların jurnalistlər qarşısında ÖHDƏLİYİ: “Bu işi bir neçə aspektdən həyata keçirmək lazımdır” – ŞƏRH
“Qurumlar öz fəaliyyətləri ilə bağlı ekspertlərə məlumat verməlidir ki, onlar da mətbuata açıqlama verərkən fikirlərini düzgün çatdıra bilsinlər”.
Bu sözləri ötən gün Mərkəzi Bankın əsas binasında MB sədri Taleh Kazımovun təşəbbüsü ilə iqtisadi sahədə tanınmış mütəxəssislərin iştirakı ilə keçirilən görüşü şərh edən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, dövlət qurumları ekspertlərlə mütəmadi görüşlərdə maraqlı olmalıdır:
“Bir sıra dövlət qurumlarının ölkənin aparıcı iqtisadçı ekspertləri ilə görüşlərin təmin edilməsinə ehtiyac var. Bu qurumlara Mərkəzi Bankla yanaşı, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Gömrük Komitəsini daxil etmək olar. Bu işi bir neçə aspektdən həyata keçirmək lazımdır. Birincisi, həmin qurumlar adətən sadəcə gündəlik olaraq mətbuata məlumat verir. Halbuki mətbuat nümayəndələri məlum sahənin mütəxəssisi deyillər. Çünki bir jurnalist iqtisadiyyatın bütün sahələrini bilə bilməz. Ona görə də dövlət qurumlarının ekspertlərlə görüşü cəmiyyətin xeyrinədir.
Eyni zamanda bu cür görüşlər qurumlar üçün də əhəmiyyətlidir. Qurumlar öz fəaliyyətləri ilə bağlı ekspertlərə məlumat verməlidir ki, onlar da mətbuata açıqlama verərkən fikirlərini düzgün çatdıra bilsinlər. Məsələn, sözügedən görüşdən belə başa düşdük ki, Mərkəzi Bankın gələcək üçün böyük planları var. Həmin görüş ilk idi və ekspertlər onları narahat edən suallara kifayət qədər dolğun və peşəkar cavablar aldılar. Həmçinin bəzi məsələlərin araşdırılacağı vurğulandı. Ümumilikdə bu cür görüşlər rəhbərliklərin məsuliyyətini də artırır. İşini dürüst həyata keçirən rəhbərlər belə görüşlərdən çəkinməyəcəklər”.
Gülşən Şərif