Qusarda ƏMƏLİYYAT – Saxlanılanlar var – FOTO

Qusarda oğurluq edən şəxslər tutulub.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərin birindən bir ədəd kompüter dəsti və ona aid aksesuarlar, bir ədəd televizor, bir ədəd ütü, eləcə də müxtəlif növ tikinti təmir alətləri oğurlamaqla zərərçəkmişə ümumilikdə 2538 manat maddi ziyan vuran iki şəxs saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Şahmir Ağamirov və Rəsul Savziyev olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf edərək, yaşayış evinə gecə saatlarında qanunsuz olaraq daxil olduqlarını və cinayət yolu ilə əldə etdiyi əşyaları Şahmir Ağamirova məxsus “Niva” markalı nəqliyyat vasitəsinə yükləyərək hadisə yerindən uzaqlaşdıqlarını bildiriblər. Oğurlanan əşyalar polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

Qeyd olunan faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.