Hüseyn Abdullayevin istintaqla əməkdaşlığa başladığı, xaricdə və Bakıda gizli əlaqədə olduğu şəxslərin adlarını çəkməyə razılaşdığı deyilir; onun ifadəsi əsasında yeni həbslərin olacağı gözlənir.
Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin cinayət işi üzrə istintaq davam edir.
Yenicag.az xəbər verir ki, “Yeni Müsavat”a daxil olan məlumata görə, yeni vergi cinayəti ittihamları H.Abdullayev üçün gözlənilməz olub.
Yada salaq ki, ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqda və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə, razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr olduğundan H.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilib. Bu ittihamlarla 12 il azadlıqdan məhrum edilməsini gözə alan H.Abdullayevin artıq istintaqla “əməkdaşlığa razılaşdığı” barədə ilginc xəbərlər var. Onun həbsdə çox qalmamaq üçün hər şeyə hazır olduğu deyilir.
Bildirilir ki, H.Abdullayev Avropadakı “söyüş müxalifəti”nin həm xaricdəki, həm də Azərbaycandakı “kurator”ları barədə bildiklərini danışmağa razılaşıb. Bu kuratorlardan birinin Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasov olduğu deyilir. Bu barədə yerli mediada yazılıb. Hətta H.Abdullayevin hazırda əsasən Türkiyədə yaşayan A.Abbasovla əlaqələrinin de-şifrə olduğu iddia olunur. Onların bir neçə dəfə görüşdüyü isə tutarlı dəlillərlə sübut edilib. Güman etmək olar ki, mənbəmiz “tutarlı sübutlar” dedikdə videolar və telefon danışıqlarını nəzərdə tutur. A.Abbasovun bir vaxtlar üzvü olduğu iqtidara dönüklüyü məlum faktdır, amma onun “söyüş müxalifətinə” sponsorluq etməsi və mühacirləri hakimiyyət mənsubları üzərinə yönəltməsi rəsmi Bakını daha da qəzəbləndirib.
Maraqlıdır ki, H.Abdullayevin həbsindən bir neçə gün əvvəl A.Abbasov qəfil Türkiyəni tərk edib və Moskvaya gedib. Yəni Azərbaycan hüquq-mühafizə orqanları türkiyəli həmkarları ilə əməliyyat hazırlıqlarında olarkən A.Abbasov qəfil ortadan yoxa çıxıb. Bu isə H.Abdullayevin əlaqələrindən xəbərdar olan yaxın çevrəsində “satqınlıq” kimi qiymətləndirilib. İttihamlar da məhz bu səbəbdən indi əsasən H.Abdullayevi “qızışdıran” sabiq vitse-primyerə yönəlib. Güman edilir ki, “Quska” A.Abbasov və digər “iqtidar süfrəsindən qovulmuşları” qorumaq fikrində deyil. Çünki H.Abdullayevin uzun həbsxana həyatına dözəcək iradəsi yoxdur.
H.Abdullayevin mühacirətdə rahat yaşamaq istədiyini, amma “məni hakimiyyətlə onlar düşmən etdilər” deyib, bəzi adlar çəkdiyi söylənilir. Qeyd edək ki, iqtidara dönüklər sırasında Avropa ölkələrindən birində səfir vəzifəsində çalışan tanınmış simanın da adı hallanır ki, istintaqda bu istiqamətdə də müəyyən araşdırmalar davam edir. H.Abdullayevin üzərindən həyata keçirilən bu sirli çevrəni müəyyən etmək üçün ciddi istintaq hərəkətləri aparır.
Bildirilir ki, H.Abdullayevin cinayət işini qeyr-rəsmi olaraq iki qrup aparır. Birincilər onun siyasi fəaliyyətini, bəzi müxalifət liderləri ilə təmaslarını və Bakıdakı uzantılarını, digər istintaqçılar isə vergi cinayətlərini araşdırır.
Məlumatı verən mənbə onu da yada salıb ki, “Quska” əvvəllər ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindəki generalitetlə yaxınlığı da istintaqın maraq dairəsindədir. H.Abdullayevin Eldar Mahmudovun MTN-ə rəhbərliyi dövründə xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi yeni xəbər deyil. Amma belə güman etmək olar ki, indi istintaqı H.Abdullayevin o vaxtkı keçmişi deyil, MTN çetesi dağıdılandan sonrakı mərhələdəki “əməkdaşlıq çevrəsi” araşdırılır. Əgər iddialar doğrudursa, yəni iqtidara qarşı “sabiqlərin xain ittifaqı” yaranıbsa və onlar hər cür rəzilliyə qol qoyublarsa, bu təkcə H.Abdullayevin həbsi ilə yekunlaşmayacaq. H.Abdullayev bu xain çeteni çökdürmək üçün açar fiqur rolunu oynayır və qarşıdakı günlərdə sensasion həbslər gerçəkləşə bilər.
Redaksiyamıza daxil olan bilgilər sırasında bir maraqlı detal da diqqətimizi çəkdi. Mənbə bildirir ki, “Quska”nın qara siyahısında vaxtilə maliyyə-bank sektorunda at oynadan, sonradan vurularaq sıradan çıxarılan, buna görə də intiqam hissi ilə alışıb-yanan bəzi avantüristlər də var. Hansı ki, onların adları zaman-zaman radikal müxalifətin əsas simaları ilə gizli iş birliyində hallanıb.