Əkrəm Tərzioğlu: “İraq türkmanlarının könlündə Azərbaycanın müqədəs yeri var”
İraqın türkman millət vəkili Fevzi Əkrəm Tərzioğlunun Yenicag.az-a müsahibəsi
– Hazırda Türkman elində nə baş verir?
– İraq türkmanları gerçəkdən zor bir durumda yaşamaqdadır. Təlafər, Kərkük, Altınköprü, Bayatköyləri, Amirli, Bostanlıda türkmanlar çox ağır şərtlərdə yaşayır. Durum çox pisdir, 2003-cü ildən bu günə qədər hər şeyimiz yox olmaqdadır. Varlığımız, tariximiz, şanımız, coğrafiyamız yox olmaqdadır. Səddam rejimi devrildikdən sonra buraları sünni, şiə və kürdlər aldı. Yazıqlar olsun ki, çox şeyi itirdik. Ən böyük qəsəbə olan Təlafərdən çox insan köçmək məcburiyyətində qaldı. Bir bölümü Kərbalaya, Nəcəfə, quzeyə, güneyə, eyni zamanda Türkiyəyə qaçmışdılar. Buraları da İŞİD tutub. Eyni zamanda, kürdlər də bizim yerlərə təcavüz etməkdədir. Eyni zamanda, dövlətdə də bizə fürsət tanımırlar. Parlamentdə 275 millət vəkili olsa da, bizim millət vəkillərinin sayı 9-10 arasındadır. 32 nazirlikdən yalnız insan haqları nazirliyi bizə verilib. Yüzlərlə səfir olsa da, indiyə kimi 3 nəfər türkman səfir ola bilib. Mədəni haqlara gəlincə, dövlət tərəfindən nə qəzetimiz, nə televiziyamız yoxdur ki, mədəni irsimizi qoruya və təbliğ edə bilək. Amma şiələrə, sünnilərə, kürdlərə dəstək, dayaq vardır. Türkmanların isə heç bir dayağı, dəstəyi, arxası yoxdur. Türk dünyasından istəklərimiz var. Arzu edərdik ki, yanımızda dursunlar, kömək etsinlər, bizlərə sosial, iqtisadi, media və digər sahələrdə yardımda bulunsunlar. Heç olmasa insani yardımlarını əsirgəməsinlər. Çünki, ölüm-qalım zamanıdır. Bundan daha pis günümüz yoxdur. Partlayışlar, İŞİD-in gəlməsi bizi çox narahat edir. Özünü türk sayanlar nə zaman bizə dayaq duracaqlar? Torpaq və bayraq sevər insanlara səslənirəm, bizə yardım etsinlər. Bölgəmizdə böyük oyunlar gedir, Con Baydenin cızdığı plana əsasən onu 3 yerə, sünnistan, şiəistan və kürdüstana bölmək istəyirlər. Amma orada Türkmanistan yoxdur.
– Sizləri assimilyasiya etmək istəyirlər?
– Bəli. Bura Mesopatamiya, Babilistan dünyasıdır, tarixin beşiyidir. Hər daşında, hər yerində, hər torpağında izimiz var. Arzu edirəm ki, türk dünyası bizlərə ciddi dəstək olsun.
– İŞİD nə vəziyyətdədir?
– İŞİD Mosulu tam olaraq nəzarətinə götürüb. Burada 1,5 milyon insan yaşayırdı. İraqın 2-ci şəhəri sayılır. Burada neft vardır. Onun yaxınlığında Səddamın şəhəri olan Tiqrit yerləşir ki, bu şəhəri İŞİD-dən geri ala bilmişik. İndi Ramadidə savaş gedir. Böyük oyun gedir, Yazıqlar olsun ki, qan tökülməkdədir.
– İraqdakı İŞİD-in Səddamın əski döyüşçüləri olduğu deyilir. Doğrudurmu?
– Bəli. Səddamın əsgərləri, ona sadiq qalanlar İŞİD-lə bir yerdədir. Ona da rəhbərlik edən əd-Duridir, Səddamın ikinci adamı. Bu yaxınlarda Tiqrit yaxınlığında onu da öldürdüldüyü deyilsə də, sağ olduğu bildirilir.
– Səddamın döyüşçüləri nədn İŞİD-ə qoşulublar?
– Onlar 35 il ərzində hökm sürdülər. İranla 8 il müharibə apardılar, Küveyti işğal etdilər. 2003-cü ildən sonra onlara yer qalmadı. Lakin Avropa banklarında böyük məbləğdə pulları var, Onun üçün mücadilə edirlər ki, bir daha iqtidara gəlsinlər.
– Yəni yenidən İŞİD adı altında iqtidar savaşı gedir.
– Bəli. Oyun çox böyükdür. Yalnız İraq, Suriya deyil, işin içində Yəmən də var. Daha doğrusu dava sünni-şiə savaşına keçməkdədir. 22 ərəb dövləti niyə Yəmən xalqını vurur? Yəmən xalqı azadlıq istəyir. Yəmən xalqı öz problemini özü çözməlidir. Təəssüf ki, digər dövlətlər bu işlərə qarışır.
– Türkmənlər qonşu dövlətlərdən Türkiyədən, Azərbaycandan, yoxsa İrandan çox dəstək gözləyir?
– Azərbaycandan iqtisadi, sosial, media baxımdan böyük dəstək gözləyirdik. Təəssüf ki, bir tələbəmizi belə təhsil almaq üçün Azərbaycan qəbul etməyib. 2 milyon civarında köçkün var, heç olmasa onlara yardım etsinlər. İndi də dünyanın sonu deyil, bütün türk dünyasına səslənirik, bizim hər şeyə ehtiyacımız var.
– Bəs,İran və Türkiyədən dəstək varmı?
– Dəstək olsa da, azdır, lazımı səviyyədə deyil.
– Azərbaycan haqqında başqa nəsə demək istərdinizmi?
– Azərbaycanı görmədən keçən əsrin 90-cı illərində bir dastan yazmışam. O zaman Qızıl Qələm, Azərbaycan Bayrağı mükafatlarını aldım. İraq türkmanlarının könlündə Azərbaycanın müqədəs yeri var. Çünki, ortaq payımız, bir Füzulimiz var. Arzu edirəm ki, Azərbaycanın işğal olunmuş 20 faiz torpaqları geri qaytarılsın. Eyni zamndan qeyd etmək istərdim ki, Azərbaycanın dərdi bizim dərdimizdir. Biz bu il də Xocalı qətliamı ilə bağlı İraq parlamentində sənəd imzaladıq.
Qələmə aldı: Elçin