Radara çatanda sürəti azaldan sürücülər cərimə ediləcək

Rusiyada sürücülər üçün yeni növ cərimənin tətbiqi təxirə salınıb.

Yenicag.az Avtosfer.az-a istinadən xəbər verir ki, söhbət “orta sürət həddini aşma”ya görə cərimədən gedir. Bu qayda pozuntusu 2 və daha çox radar arasındakı yolu yüksək sürətlə hərəkət edən, lakin radarın yanından aşağı sürətlə ötən sürücülərə aid edilir. Qanunun tətbiqi əvvəlcə 2024-cü il martın 1-nə nəzərdə tutulmuşdusa, artıq proses sentyabradək təxirə salınıb.

Əslində belə qayda pozuntusuna görə Rusiyada 2020-2022-ci illərdə cərimə nəzərdə tutulsa da, çoxsaylı ziddiyyətlərə görə qanunun tətbiqi müvəqqəti təxirə salınıb. Bu ilin əvvəlində isə növbəti tətbiq müddəti olaraq 2024-cü il martın biri müəyyən edilmişdi. Qərarın icrasının niyə indi təxirə salınmasının isə şərhə ehtiyacı yoxdur.