İspaniyanın Qvadalaxara şəhərində karate üzrə 54-cü Avropa çempionatına start verilib.
Yenicag.az-ın məlumatına görə, Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçisi Rafael Ağayev yarışın ilk günü tatami üzərinə çıxıb. 75 kq çəki dərəcəsində çıxış edən karateçimiz Yusid Suljiçi (Bosniya və Herseqovina) 3:0, Bekim Başanı (Albaniya) 3:1, Elhami Şabanini (Kosovo) 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Stanislav Horunanı (Ukrayna) 5:1 hesabı ilə üstələyən Rafael həlledici qarşılaşmaya vəsiqə qazanıb.
O, qızıl medal uğrunda döyüşdə finallarda ənənəvi rəqibinə çevrilən Luici Busa (İtaliya) ilə görüşəcək. Həlledici qarşılaşma martın 30-da keçiriləcək. Bu, idmançımızın qitə birinciliklərində 13-cü finalı olacaq.
Xatırladaq ki, 5 qat dünya çempionu olan Ağayev əvvəlki qitə çempionatlarında fərdi yarışlarda 11 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. O, komanda yarışlarına daha 5 bürünc mükafata yiyələnib.