Ramanada yolların yenidən qurulmasına 3,7 milyon manat ayrıldı – Sərəncam

Prezident İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində on üç min nəfər əhalinin istifadə etdiyi, ümumi uzunluğu 3,2 kilometr olan avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.