Ramil Quliyev: “Atam hər zaman deyirdi ki…”

Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanan Ramil Quliyev Türkiyəyə qayıdıb.

Yenicag.az xəbər verir ki, qardaş ölkəni təmsil edən azərbaycanlı atlet Atatürk Hava Limanında coşqu ilə qarşılanıb.

Media mənsublarına açıqlama verən dünya çempionu qazandığı zəfər üçün xoşbəxt olduğunu dilə gətirib: “Bizi coşqu ilə qarşıladığınız üçün hər birinizə təşəkkür edirəm. Çempionluq sadəcə mənim yox, ölkə üçündür. Bu, karyeramda ən böyük uğurdur. 10 ildir bunun üçün çox çalışdım və çempion olduğum üçün çox xoşbəxtəm. Yarış bitdiyi an neçənci sırada olduğuma tam əmin deyildim. İlk “üç”lüyə girdiyimi bilirdim, amma birinciliyi görəndə inanmadım. Bir yanlışlıq varmı deyə, tabloya baxdım. Türkiyə himni səslənəndə çox duyğulandım. O an mənim üçün çox önəmliydi. Atam hər zaman deyirdi ki, “sən davam elə, uğur qazanacaqsan”. Məşq etdiyim vaxtlar həmişə atamın sözlərini xatırlayırdım. Useyn Bolt kimi bir ulduz atletikadan getdi. Çətin yarış oldu və bunu bacardıq. Bayrağımızı dalğalandırdığım üçün çox xoşbəxtəm”.
Yenicag.az