Ramil Usubovdan mühim tapşırıq

Daxili İşlər Nazirliyində (DİN) “Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə əlaqədar daxili işlər orqanlarının ictimai asayişin mühafizəsində hazırlığının vəziyyəti və qarşıda duran vəzifələr”ə və “Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi sahəsində görülən işlərin vəziyyəti”nə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib.

Nazir Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olan, qarşıdakı illərdə xalqımızın və dövlətçiliyimizin taleyinin müəyyənləşməsində həlledici əhəmiyyətə malik bu ümumdövlət əhəmiyyətli tədbirdə – Prezident seçkilərində səsvermə hüququna malik 5 milyondan artıq seçicinin iştirakının, habelə çoxsaylı beynəlxalq müşahidəçilərin gəlişinin gözlənildiyini xatırladıb. O, bu il aprelin 11-də – səsvermə günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün vacib olan ictimai asayişin və təhlükəsizliyin etibarlı qorunması məqsədilə müvafiq “Tədbirlər planı”nın təsdiqlənərək xüsusi nəzarətə götürüldüyünü, icrasının təmin olunması üçün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Seçkilərdə bütün səsvermə hüququ olanların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi, son aylar nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən vətəndaş məmnunluğunun təmini məqsədilə paytaxtda və bölgələrdə səyyar xidmətlərin keçirildiyini vurğulayan general-polkovnik R.Usubov belə tədbirlərin ictimaiyyət tərəfindən də razılıqla qarşılandığını, lakin bir sıra görüləsi işlərin olduğunu bildirib.

Ölkədəki mövcud kriminogen duruma toxunan nazir cari ilin ötən dövründə də cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması üzrə kompleks tədbirlərin uğurla davam etdirildiyini, bütövlükdə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirildiyini deyib.

Gündəlikdəki birinci məsələ ilə bağlı Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov məruzə ilə çıxış edib. Qeyd olunub ki, seçkilərin gedişi, eləcə də qanun pozuntuları barədə daxil olmuş məlumatların yoxlanılaraq zəruri tədbirlərin görülməsi və nəticələrinin vaxtında məruzə olunması məqsədilə Nazirliyin aidiyyatı baş idarə və idarələrinin əməkdaşlarından ibarət xüsusi işçi qrupu, Bakı Şəhər Baş Polis İdarəsində isə xüsusi operativ qrup yaradılıb.

Seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində, eləcə də səsvermə günü seçicilərin, beynəlxalq müşahidəçilərin və bu prosesdə iştirak edən digər subyektlərin təhlükəsizliyinin təmini, hüquqlarının qorunması, vətəndaşlarla ünsiyyətdə polis əməkdaşlarının etik davranış qaydalarına ciddi riayət etmələri kimi məsələlər də diqqət mərkəzində saxlanılır. Polisin bu mühüm mərhələdə hüquq və vəzifələrinə dair Mərkəzi Seçki Komissiyası ilə birgə hazırlanmış 11.000 ədəd “Yaddaş kitabçası” şəxsi heyətə paylanıb. Həmçinin bu il fevralın 15-də “Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda Mərkəzi Seçki Komissiyasında keçirilmiş müşavirədə kurator nazir müavini tərəfindən seçki prosesində polis orqanlarının hüquq və vəzifələri, həyata keçirilən təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumat verilib.

Məruzəçi qeyd edib ki, Daxili İşlər Nazirliyinin bütün orqan və hissələri gücləndirilmiş iş rejimində xidmət aparacaq, dairə və məntəqə seçki komissiyalarının mühafizəsini təmin edəcək 12000-dən artıq polis əməkdaşı bütün zəruri xüsusi və digər vasitələrlə tam təchiz olunub, şəhər, rayon polis orqanlarının dislokasiya planlarındakı dəyişikliklər nəzərə alınmaqla ictimai yerlərdə, o cümlədən küçələrdə hüquq qaydasının təmin edilməsinə cəlb olunan naryadarın sayı artırılıb. Təbliğat-təşviqat kampaniyasının keçirildiyi yerlərdə və səsvermə günü seçki məntəqələrinin ətrafında hüquq qaydasına riayət olunmasının vəziyyəti “Təhlükəsiz şəhər” sisteminin müşahidə kameraları ilə fasiləsiz izlənəcək, bütün hüquqazidd hərəkətlərə dərhal reaksiya verilməklə yaxınlığındakı naryadlar hadisə yerinə yönəldiləcək. Bildirilib ki, seçki bülletenləri dairə və məntəqə seçki komissiyalarına daxil olduğu andan dairə və məntəqələr polis orqanları tərəfindən 24 saat müddətinə mühafizəyə götürüləcək.

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Nüsrət Şirinov vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi sahəsində görülən işlərin vəziyyəti barədə məruzə ilə çıxış edib.

Baş idarə rəisi bildirib ki, şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi sahəsində vətəndaşlara xidmətin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq olunmaqla göstərilməsi ilə bağlı beynəlxalq təcrübə dərindən öyrənilib, dövlət başçısının fərman, sərəncam və tapşırıqlarından, ölkə qanunvericiliyindən, irəli gələn vəzifələrin icrası daim diqqət mərkəzində saxlanılıb, yeni nəsil sənədlərin tətbiqinə dair Dövlət Poqramından irəli gələn tələblər ardıcıllıqla yerinə yetirilib. Nəticə etibarı ilə qanunvericilik aktlarına elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə bağlı müddəalar əlavə edilib, həmin sənədin spesifikasiyası, təsviri və nümunəsi təsdiqlənib. Yeni vəsiqələrin çipində fərdi biometrik göstəricilər də daxil olmaqla 20-dən çox məlumatın yerləşdirilməsi nəzərdə tutulur. Bütövlükdə, ölkə Prezidentinin 2017-ci il 8 dekabr tarixli fərmanına uyğun olaraq, biometrik şəxsiyyət vəsiqələrinin tətbiqinə dair DİN-in qarşısında qoyulmuş bütün vəzifələr yerinə yetirilib.

Məruzəçi qeyd edib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən qeydiyyat və şəxsiyyət vəsiqəsi qruplarının işi də nəzarətdə saxlanılır. Təkcə ötən il müvafiq mərkəzlərdə ölkə vətəndaşlarına 646.242 şəxsiyyət vəsiqəsi verilib.
Məlumat verilib ki, qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarının əməkdaşlarından ibarət səyyar qruplar cəbhəboyu bölgələrə ezam olunub, ötən il mayın 16-dan bu il martın 1-dək 14 min nəfərə şəxsiyyət vəsiqəsi verilib və ya etibarlılıq müddəti bitmiş müvafiq sənədlər dəyişdirilib. Bütövlükdə şəxsiyyəti təsdiq edən sənədlərin dəyişdirilməsi ilə bağlı islahatların başlandığı 2001-ci ilin sentyabrından bu ilin martınadək 8 milyon 614 min 710 vətəndaş, o cümlədən 16 yaşdan yuxarı 6 milyon 748 min 524 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

Məruzə ətrafındakı çıxışlarda görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı danışılıb.

İclasa yekun vuran nazir hər iki məsələ üzrə görülən işlərin qənaətbəxş olduğunu, əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu bildirib, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.

O, aprelin 11-də keçiriləcək Prezident seçkiləri zamanı ictimai asayişin təmininin, qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinin, geyim formasını daşıma, həmçinin vətəndaşlarla təmasda hər zaman nümunəvi davranış qaydalarına ciddi riayət edilməsinin, əməkdaşların fiziki, döyüş və peşəkar hazırlıq səviyyəsinin daha da yüksəldilməsinin vacibliyini nəzərə çatdırıb. Prezidentliyə namizədlərin və onların nümayəndələrinin təbliğat-təşviqat apardıqları, yığıncaq və toplantı keçirdikləri yerlərdə ictimai asayişin etibarlı mühafizə olunması, təxribatların və neqativ halların qarşısının operativ şəkildə alınması, seçki komissiyalarının, habelə seçki bülletenlərinin, səsvermə protokollarının və digər sənədlərin etibarlı mühafizəsinin təşkili, eyni zamanda, seçki gününədək səsvermə hüququ olanların müvafiq sənədlərlə tam təmin olunması, etibarlılıq müddəti bitmiş vəsiqələrin dəyişdirilməsi sahəsində işlərin qısa müddətdə başa çatdırılması, səyyar qrupların işinin daha da sürətləndirilməsi müvafiq orqanların rəhbərlərindən tələb edilib.

Çıxışının sonunda nazir Ramil Usubov ölkə rəhbərliyinin respublika daxili işlər orqanlarına hər zaman ali diqqət və qayğı göstərdiyini, bunun növbəti əyani təzahürü kimi Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə əməkdaşların, hərbi qulluqçuların və mülki işçilərin aylıq vəzifə maaşlarının cari il mart ayının 1-dən artırıldığını məmnunluqla qeyd edərək buna görə minnətdarlığını bildirib. O, əmin olduğunu bildirib ki, şəxsi heyət qarşıda duran məsul vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, yüksək etimadı doğrultmağa çalışacaq.

COP29