“Azərbaycan keçmiş Sovet respublikaları içərisində vaksinasiyaya ən tez başlayan ölkələrdən biridir. Yanvarın 18-dən başlayan proses uğurla davam edir”.
Yenicag.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
R.Bayramlı bildirib ki, Prezident İlham Əliyev “Sinovac” vaksinin Türkiyədəki distribüteri vasitəsilə həm Çindəki digər istehsalçılardan, həm də başqa ölkələrdən vaksin təminatı üçün xüsusi səy göstərir.
“Peyvəndləmə prosesi Bakıdakı bütün poliklinikalar və bölgələrdəki 90 məntəqədə aparılır. Bugünədək 800 min doz vaksin tətbiq edilib”, – TƏBİB sədri əlavə edib.
Onun sözlərinə görə, ölkəmiz “Sinovac”la yanaşı, “AstraZeneca” və Vaksinlərin Qlobal Əlçatanlığı Proqramı (COVAX) vasitəsilə “Pfizer” vaksinlərini əldə edəcək.
R.Bayramlı prosesə səhiyyə işçilərinin vaksinasiyası ilə başladıqlarını, bunun ardınca 65 yaş, daha sonra 60 yaşdan yuxarı vətəndaşların peyvəndləndiyini vurğulayıb:
“İndi 40 yaşdan yuraxı şəxslərin vaksinasiyası aparılır. Bu proses çox sürətlə davam etdirilir. Proses rəqəmsal şəraitdə qeydə alınır. Ən uğurlu vaksin tətbiq edən ölkələrdən biriyik.
Hədəfimiz ölkə əhalisinin 80 faizini vaksinləşdirməkdir. 8 milyon insanı vaksinasiyadan keçirmək məqsədilə 16 milyon doz peyvənd üçün müqavilələr bağlanıb.
Bu da pandemiyanın bitməsi üçün önəmli rəqəmdir. Yay aylarına qədər vaksinasiya prosesini uğurlu şəkildə bitirəcəyimizi düşünürük”.
TƏBİB sədri vaksinasiyadan keçənlərin çox azının koronavirusa yoluxduğunu, ancaq bu şəxslərin xəstəliyi yüngül keçirdiyini və bu qrupda ağır xəstəyə rast gəlmədiklərini sözlərinə əlavə edib./Qafqazinfo.az/