“Əxlaqsız adam hər yerdə əxlaqsızdır, tərbiyəli adam hər yerdə tərbiyəli. Bunun hansısa sosial şəbəkə ilə əlaqəsi yoxdur”.
Bunu tanınmış rejissor Ramin Hacıyev “TikTok” sosial platforması ilə bağlı fikirlərini bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.
O, insanların “TikTok”da asanlıqla öz mahiyyətini ortaya qoyduğunu təəssüf hissi ilə bildirib:
“TikTok”un yaxşı, ya pis platforma olması barədə bir söz deyə bilmərəm, bu mənim həddimə deyil. “TikTok”da bəzən o qədər maraqlı, müsbət görüntülər qarşımıza çıxır ki, adam saatlarla baxmaq istəyir. Amma “TikTok”a girənlər, canlı yayım edənlər, sadəcə olaraq öz mədəniyyətini, əxlaqını, tərbiyəsini, davranışını göstərən adamlardır. Fərqi yoxdur, istənilən sosial şəbəkədə insan öz mahiyyətini asanlıqla biruzə verir. Hətta insanları tanımaq üçün “TikTok”un çox böyük köməyi də oldu.
Əxlaqsız adam hər yerdə əxlaqsızdır, tərbiyəli adam hər yerdə tərbiyəli. Bunun hansısa sosial şəbəkə ilə əlaqəsi yoxdur. Bəzən deyirlər ki, “TikTok”u bağlayaq. Amma inanın ki, bağlamaqla deyil. Bununla heç kimi tərbiyələndirmək mümkün olmayacaq. “TikTok”a qədər həmin insanda nə baş verib, hansı tərbiyəni alabsa, odur. “TikTok”un 1, 10, 20 dəqiqəlik videoları o qədər populyarlıq qazandı ki… Orada düşünməyə, əsasən, heç nə yoxdur. Adətən, zəkalı insalar onun məğzinə gedib çıxmaq istəyir. Amma savadı az olan, maraqları başqa yerdə olan insan filmə, seriala baxanda 10-15 saniyə keçməmiş darıxır və kanalı çevirir. Baxmır orada nə baş verir, nə baş vermir. Düşünən insanlar fərqli olur. Bu mənada “TikTok”, əsasən, düşünməyən insanlar üçün bir platformadır. Hər halda, bu mənim düşüncəmdir”.
Cəvahir