Ramiz Mehdiyev AMEA-da struktur dəyişikliyi etdi

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev gündəlikdəki məsələlərlə bağlı məlumat verib, iclasda bir sıra elmi-təşkilatı məsələlərə dair müzakirələrin aparılacağını diqqətə çatdırıb.

Sonra müzakirə olunacaq məsələlərlə bağlı AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqova söz verilib. O, gündəlikdə yer alan ilk məsələ, AMEA Rəyasət Heyəti aparatının strukturunda dəyişiklik edilməsi ilə bağlı çıxış edərək bildirib ki, Rəyasət Heyəti aparatının strukturu və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA prezidentinin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə Komissiya yaradılmış və hazırlanmış təkliflər AMEA-nın prezidentinə təqdim edilmişdir. Komissiyanın rəyinə əsasən, Strateji Elmi Tədqiqatlar Mərkəzinin fəaliyyəti idarəetmə orqanı kimi AMEA Rəyasət Heyəti aparatının vəzifə və funksiyalarına uyğun deyil. Məsələ iclasda geniş müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilib. Qəbul olunan qərara əsasən, Strateji Elmi Tədqiqatlar Mərkəzi AMEA Rəyasət Heyəti aparatının struktur bölməsi kimi ləğv edilib, onun işçilərinin əmək müqavilələrinə qanunvericiliklə müəyyən olunmuş qaydada xitam verilib. Həmçinin Strateji Elmi Tədqiqatlar Mərkəzinin maddi-texniki bazası AMEA-nın Yüksək Texnologiyalar Parkı MMC-nin balansına verilib, onun işçilərinin YT Parkda işlə təmin edilməsi barədə qərar qəbul edilib.

Daha sonra AMEA-nın akademik-katibi Əminağa Sadıqov gündəlikdə yer alan növbəti məsələ, “AMEA-nın professoru” adı ilə bağlı məlumat verib. Bildirib ki, “AMEA-nın professoru” adının təsis edilməsi və verilməsi elmi adların verilməsi haqında müvafiq qanunvericiliyə uyğun olmadığı üçün bu məsələyə yenidən baxılması zərurəti yaranıb. Məsələ geniş müzakirə olunduqdan sonra Rəyasət Heyəti “AMEA-nın professoru” adının təsis edilməsi” haqqında AMEA Rəyasət Heyətinin 18 yanvar 2017-ci il tarixli 1/2 nömrəli qərarının qüvvədən düşməsi və “AMEA-nın professoru” adının bir təsisat olaraq ləğv edilməsi haqqında müvafiq qərar qəbul edib.

İclasda AMEA-nın bir sıra elmi müəssisələrinin strukturunda dəyişikliklər edilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib. Qəbul edilən qərarlara əsasən, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin adı dəyişdirilərək Ortaq başlanğıc və intibah dövrü adlandırılıb, AMEA-nın Folklor İnstitutunda Nəzəriyyə şöbəsi, Şərqşünaslıq institutunda isə Folklorşünaslıq elminin nəzəriyyəsi şöbələri yaradılıb.

Daha sonra AMEA-nın müxbir üzvləri Məsumə Məlikovanın 90, Hacıfəxrəddin Səfərlinin və Əlişir Musayevin 70 illik yubileyləri ilə əlaqədar alimlərin AMEA-nın Fəxri fərmanları ilə təltif edilmələrinə dair qərarlar qəbul edilib.

Sonda AMEA-nın Yüksək Texnologiyalar Parkı MMC-nin strukturu və ştat cədvəli ilə bağlı müzakirələr aparılıb.

COP29