!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramiz Mehdiyev öz mifini belə "qətlə yetirdi": Silahdaşlarını "baqaj"da qoyan açıqlamanın şifrələri...

!Reklam – Yazi

Son günlər ölkə gündəmini Ramiz Mehdiyevin nəvəsinə etdiyi toy, toydakı qonaqlar və ondan sonra baş verən proseslər zəbt edib. Açığı, xəmirin daha çox su aparacağı görünür.

Baş verənlər üzərinə bu gün akademik Ramiz Mehdiyev prezidenti olduğu AMEA-nın rəsmi saytı üzərindən bir açıqlama yayıb. Açıqlamada ilk diqqət çəkən məqam açıqlamanın içərisində nələrin olmasından daha çox, onun harda yayımlanması oldu. Akademik özünün şəxsi, daha da irəli getsək, ailə məsələsi ətrafında baş verən proseslərə münasibətini rəhbəri olduğu bir qurumun rəsmi saytı üzərindən yayımladı. Hər halda, AMEA-nın rəsmi saytı Ramiz Mehdiyevin şəxsi problemlərini açıqlayacaq ünvan deyil.

Əslində, Ramiz Mehdiyevin ömürlük susacağını heç kim gözləmirdi. Təbii ki, baş verənlərə bir münasibət bildirəcəkdi. Ancaq akademikin açıqlaması nə yaşına, nə dövlət təcrübəsinə, nə də tutduğu mövqeyə yaraşan cinsdən deyil.

Ramiz Mehdiyevin açıqlamasındakı ilk diqqət çəkən məqamlardan biri burasıdır: “Həmin günlərdə digər yüksək rütbəli Azərbaycan məmurları və cəmiyyətdə tanınan başqa şəxslər də öz qızlarına, bacılarına, digər yaxın qohumlarına toy və ad günü mərasimləri təşkil etmişlər. Ancaq çox qəribədir ki, KİV-lərin diqqəti məhz mənim ailəmin üzərinə yönəldilmişdir”. Təsəvvür edin, Abel Məhərrəmovun dediyi kimi böyük adam, dövlətin uğurlarının altında imzası olan şəxsin açıqlaması onu “baqaja” qoyan heç Siyavuş Novruzovun açıqlaması səviyyəsində də deyil. Necə Siyavuş Novruzov səhvini aldadılmağına, Ramiz Mehdiyev də günahını “başqalarına olar, mənə niyə olmaza?” bağlayır. Sanki üçüncü sinif şagirdləri bir-biri ilə idəşir. Böyük adam, dahi siyasətçi, akademik, dövləti çiyinlərində daşıyan şəxsiyyət (özü və ətrafı iddia edir) dövlətin qanunlarını heçə sayır. Nədir-nədir kimlərsə toy, nişan edib. O”olar, mənə niyə olmaz?” prinsipi ilə davranır. El arasında belə bir deyim var: “İinsanlar qocaldıqca uşaqlaşırlar”. Necə də bunun əyani şahidi oluruq.

Qocalmış akademik açıqlamasında şikayətlənməyi də unutmayıb. Sitat: “Dünən məni mədh edənlərin bu gün məni tənqid etməsinə eyni səbrlə qulaq asmağa hazıram. Ancaq həmin şəxslər unutmasınlar ki, cənab Prezidentin qanunun aliliyi uğrunda apardığı mübarizə onlar üçün də keçərlidir və hər kəs qanunun sərt üzü ilə mütləq üzləşəcək”.

Əslində, Ramiz Mehdiyev özü əvvəlcədən anlamalı idi ki, onu mədh edənlər zamanında onun özünə, ağlına, savadına, gördüyü işlərə görə etmirdilər. Ona bəy tərifi deyənlər, elə məhz vəzifəsinə, tutduğu mövqeyə görə bunu edir, beşdən, üçdən qazanırdılar.

Akademik eşidib-bilməmiş deyil ki, mətbuatda onun adının sinonimi “boz kardinal” idi. Nəinki mətbuatda, elə cəmiyyətdə hər kəs onu bu ləqəblə tanıyıb.

Yuxarıda gətirilən sitatda gileylənməklə yanaşı bir təhdid də hiss etmək olur. Bir növ özünü tənqid edənlərə çağırış edir ki, sabah da mənim günümə düşəcəksiniz və ya bir gün əlimə şans düşsə, sərt üzümü görəcəksiniz.

Əslində, Siyavuş Novruzovla Ramiz Mehdiyevin eyni qabdan su içdiyi növbəti sitatında özünü açıq büruzə verir. Sitat: “Pandemiya dövründə toy və nişan məclisləri keçirən, həmçinin inzibati xəta törədən heç kəs qolları qandallı, nümayişkaranə şəkildə hakim qarşısına çıxarılmayıb”.

Siyavuş Novruzov Ramiz Mehdiyevə yalançı demişdi axı. Əslində, düz deyirmiş. Necə yəni, heç kəs nümayişkaranə şəkildə hakim qarşısına çıxarılmayıb? Karantin qaydalarını pozan şəxslər nəinki hakim qarşısına çıxarılıb, hətta onlara üzr istədib, video görüntülərini belə yayıblar. Əslində, Ramiz Mehdiyev bu cəmiyyətdən xəbərdar olsa idi, bilərdi ki, sosial şəbəkədə insanlar bu cür video görüntülərin yayılmasını sərt şəkildə tənqid edirdi. Bir də ki, Ramiz Mehdiyev və onun kürəkəni sıradan biri deyil axı. İctimai şəxslərdir. Onlara cəmiyyətin də, medianın da diqqət ayırması qədər normal heç nə ola bilməz.

Ramiz Mehdiyevin açıqlamasındakı ən məntiqli və dəyərli yeri, “Əgər biz doğrudan da şəffaflıq uğrunda mübarizəyə başlamışıqsa, o zaman natəmizləri məhz dürüst insanların tənqid etməsi daha ədalətli olardı. Nadürüstlərin xalqa mənəviyyat dərsi keçməsi insanlarda ancaq ikrah hissi doğura bilər”, – hissəsidir.

Ramiz Mehdiyev bu cəmiyyətdən xəbərdar olsaydı, bilərdi ki, Azərbaycan cəmiyyəti illərdir nadürüstlərdən təmizlənmək üçün çabalayır.

“Yeni Çağ” Təhlil Qrupu

www.yenicag.az

5542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv