“Ramos axır vaxtlar vəhşilik edir” – Ağasəlim Mircavadov

Çempionlar Liqasının 1/8 finalının cavab matçında “Real”ın doğma azarkeşləri önündə “Ayaks”a 1:4 hesabı ilə məğlub olması gözlənilməz nəticə kimi futbol tarixinə düşdü.

Yenicag.az-a açıqlama verən AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov madridlilərin böyükhesablı məğlubiyyətini şərh edib.

Təcrübəli mütəxəssis “kral klubu”nun problemlərindən danışıb:

“Real” elə yaydan əsirdi. Sözsüz ki, Ronaldonun da klubdan getməsinin mənfi təsiri var. Belə futbolçunun olmaması problem yaradır. Ən böyük problem isə məşqçilər korpusundadır. Florentino Perezin də fikrini başa düşmək olmur. Tarix göstərir ki, top klublarda imicli məşqçilər işləməlidir. Zidanın getməyi də müəmmalı oldu. Onun rəhbərliyi altında “Real” uğurlu çıxış edirdi. Zamanla məşqçi kimi formalaşırdı. Bu hər bir adama qismət olmur. Fikrimcə, “Real”ın futbolçuları arasında söz-söhbət var. Birinci oyunda “Ayaks” ilk hissədə yaxşı oynamışdı. Düzü, öz evində hollandiyalıların uduzacağını gözləmirdim. Amma dünənki oyunda “Ayaks” əla oynadı. “Real”a göz açmağa imkan vermədi. Növbəti mərhələdə “Ayaks”la qarşılaşacaq rəqib diqqətli olmalıdır”.

Ağasəlim Mircavadov bilərəkdən sarı vərəqə alaraq cəzalı duruma düşən “Real”ın kapitanı Serxio Ramosdan da danışıb. O, futbolçunun vəhşilik etdiyini bildirib:

“Biz SSRİ dönəmində protokolu doldurub, hakimlər otağına gedirdik. Hakim protokola baxıb deyirdi ki, bu futbolçunun sarı vərəqəsi var, ona deyin, özünü meydanda yaxşı aparsın. Ramos axır vaxtlar vəhşilik edir. Hücumçulara qarşı vəhşi hərəkətlərlə yadda qalır. Gəlin Məhəmməd Salahı zədələməsini xatırlayaraq, “Barselona” ilə oyunda da Messinin üzünə vurdu. Futbolçuya belə hərəkətlər yaraşmır. Ramos əvvəllər belə deyildi. Amma idmançıya yaraşmayan hərəkətlər etməsi xoş qarşılanmır. Yəqin ki, klub daxili kodeksə görə futbolçusunu cəzalandıracaq”.

Emin Səfərov