Bu gün sevilən aktyor, xalq artisti Rasim Balayevin doğum günüdür. 69-un “kürəyini yerə vuran” aktyor özü demişkən, təqvimin bir səhifəsini də cırıb atdı.
Milli kinomuzda bənzərsiz obrazlar yaradan sənətkarımızı biz də təbrik etdik. Aktyor da doğum günü təəssüratlarını Yenicag.az-la bölüşdü:
– Rasim müəllim, doğum gününüzü hansı əhval-ruhiyyə ilə qeyd edirsiniz?
– Adi günlərdən biri kimi. Gecədən dostlar, tanışlar durmadan zəng edir, xoş sözlər söyləyirlər. Səhər açılandan da zənglərin ardı-arası kəsilmir.
– Hər zaman olduğu kimi bugün də cəlbedici kişisiniz. Bunu kompliment xatirinə demirəm ha…
– Təşəkkür edirəm. Amma yox, dəyişmişəm. 20-30 il əvvəlki Rasim deyiləm. İllər öz sözünü deyir. Yaşlandıqca, Allah verdiklərini bir-bir geri alır. Qocalığa doğru gedirsən, səhhətində problemlər yaranır, əvvəlki kimi olmursan. Hər doğum günündə təqvimin bir səhifəsini də cırıb atırsan və ölümə doğru bir addım da yaxınlaşırsan. Bu gün də ömrümdən bir səhifəni cırıb atdım və ölümə bir addım da yaxınlaşdım.
– Hansı yaşınızı daha çox sevmisiniz?
– Vallah, bu barədə heç düşünməmişəm.
– Rasim Balayev haqqında film çəkilsəydi, hansı janr daha çox uyğun gələrdi?
– Mənim həyatım kinoluq deyil, adi insanlardan biri kimi həyatımı yaşayıram. Hər gün səhər yuxudan durub əl-üzümü yuyuram, yemək yeyirəm, dükan-bazara gedirəm. Rasim Balayev kinoda, sənətdə qüdrətli ola bilər, həyatda isə adi adamdır. Elə bir qeyri-adi yaşamım yoxdur ki, onu ekranlaşdırsınlar. Haqqımda film çəkilsə, çox maraqsız olar, heç kim baxmaz.
– Rənglərlə müqayisə etsək, həyatınızda daha çox hansı rənglər üstünlük təşkil edib – ağ, qara, qırmızı?
– Həyatımda qəmli günlərim də olub, xoşbəxt dəqiqələrim də. Bu həyatda faciə də var, komediya da, dram da… Allah verən ömürdü, yaşayırıq.
– Böyük aktyor, sevilən aktyor, şanslı aktyor – bunların hansını özünüzə daha yaxın bilirsiniz?
– Heç birini. Adi aktyoram da. Elə sözlər mənə yaddır. Bəzən aktyorlar yalandan bir-birini tərifləyir ki, filankəs korifey aktyordur. Zəhləm gedir bu ifadədən. Mənə də deyirlər, xoşum gəlmir. Mən korifey zad deyiləm. Korifey sənətkarlar olub, amma keçmişdə. İndi korifey zad nə gəzir.
– Bəs xoşbəxt aktyor demək olarmı sizə?
– Geriyə baxanda, oynadığım rolları gözüm önünə gətirəndə, xoşbəxtəm deməyə haqqım çatır. Çünki hər aktyora nəsib olmur belə gözəl filmlərə çəkilsin. Milli kinonun ən gözəl filmlərinə çəkilmişəm. Bu mənada şanslıyam, uğurluyam.
– Hədiyyələrə münasibətiniz necədir?
– Həmişə hədiyyələr almışam. Amma gözləməmişəm ki, kimsə gətirib mənə nəsə bağışlasın. Sağ olsunlar, veriblər almışam. Verməyənlər də sağ olsun.
– Həmişə sevilən sənətkarlara xüsusi hədiyyələr olur. Maraqlıdır, indiyə qədər ən unudulmaz hədiyyəniz nə olub?
– Çox olub, indi hamısını xatırlamıram. Bahalı hədiyyələr də çox almışam.
– Məsələn, nə?
– Nə bilim o qədər hədiyyələr olub ki… Məsələn, avtomobil.
– Hansı markadan?
– Mən elə şeyləri deməyi sevmirəm.
– Kim hədiyyə edib?
– Heydər Əliyev 50 illiyimdə mənə avtomobil hədiyyə etmişdi.
– Arzularınızı da bilmək maraqlı olardı?
– Can sağlığı və filmlərə çəkilmək.
Cəvahir Səlimqızı