Rasim Balayevin təklifinə Xalq artistindən REAKSİYA: “Mən o qurumu tanımıram”

Xalq artisti Rasim Balayevin Azərbaycanda fəaliyyət göstərən iki eyni qurumun – Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) birləşdirilməsi təklifi ətrafında müzakirələr səngimək bilmir. Hər iki qurumda təmsil olunan kino xadimləri tərəfindən bu təklifə qarşı çıxanlar da, dəstəkləyənlər də var.

Yenicag.az-a açıqlama verən Xalq artisti, tanınmış rejissor və aktyor Elxan Qasımovun məsələyə münasibəti fərqlidir:

“Mən 1973-cü ildə Həsən Seyidbəyli tərəfindən yaradılan Kinematoqrafçılar İttifaqının üzvüyəm. Bu günə qədər də o İttifaqın vəsiqəsini gəzdirirəm. Həyatımda yaşadığım bəzi hadisələr səbəbindən müəyyən vaxtlarda İttifaqın iclaslarında iştirak edə bilmədim. Lakin yenə o qurumun üzvü olaraq qalıram. Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi digər qurumun üzvü olmamışam. O qurum bir günün içində yaradılıb və kimin yaratdığını da bilirik. Ümumiyyətlə o qurumu əvvəldən tanımamışam. Rasim Balayevin təklifinə gəlincə, bu barədə qabaqcadan heç bir açıqlama vermək fikrim yoxdur. Mənim yaxın dostum və hər zaman dəyər verdiyim Rasim Balayevin iki İttifaqı birləşdirməklə bağlı təklifinə gəlincə, onunla məsələni təkbətək müzakirə edəcəm. Bütün detallar birgə müzakirə olunub, yekun nəticə əldə ediləndən sonra hər ikimiz eyni vaxtda qərarımızı bildirəcəyik.

Digər tərəfdən bu gün tez-tez belə fikirlər səslənir ki, Azərbaycanda kino yoxdur, çəkilmir. Əgər o şəxslərin dediyi kimi hesab olunursa ki, kino yoxdur, onda bu ittifaqlar nəyə gərəkdir?”

E.Qasımov kino xadimləri arasında yaşanan münaqişələrə də münasibət bildirib:

“Bəzi kino adamları arasında gərginliklər yaşanır. Bir-birlərinin ünvanına kəskin fikirlər səsləndirirlər. Hesab edirəm ki, belə şeylər olmamalıdır. Axı biz kino adamları o qədər də çox deyilik. Bu gün varıq, sabah yox”.

Cəvahir

COP29