Rasim Quliyev azadlıqda: Oxlar yenə Hacıbala Abutalıbova yönəlir? – “Qoy o da tələb etsin ki…” – REAKSİYA
“Belə məsələlər kiminsə məntiqi ilə deyil, qanuni prosedurlar əsasında öz həllini tapır”.
Bu fikirləri Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri, Cinayət Məcəlləsinin 308.2 və 314-2.3-cü maddələri əsasında ötən ilin dekabrında 3 il müddətinə azadlıqdan məhrum edilmiş Rasim Quliyevin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılmasına münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Rasim Quliyev azadlığa buraxıldıqdan sonra Bakı Şəhər İcra Hakimiyyətində yuxarıda qeyd olunan maddələr üzrə qanunsuz əməllərə yol verilməsində mümkün iştirakı olmuş digər vəzifəli şəxslər diqqət mərkəzinə düşür. Söhbətin Bakı Şəhər İcra Hakimiyyətindən getdiyini nəzərə aldıqda məntiqlə, təbii ki, ilk növbədə sabiq icra başçısı Hacıbala Abutalıbov xatırlanır. Maraqlıdır, paytaxtın keçmiş meri, heç olmasa, vurğulanan maddələr əsasında məsuliyyətə cəlb ediləcəkmi?
Bu barədə Yenicag.az-a danışan ASDP sədri Araz Əlizadə hesab edir ki, bu kimi məsələlər məntiq yox, hüquqi prosedurlarla həll edilməlidir:
“Burada müxttəlif məntiqi mülahizələr irəli sürmək olar. Yəni araşdırması aparılmış konkret cinayətə görə həbs edilmiş şəxs azadlığa buraxılıbsa, bu, yeni vəziyyətdir. Ancaq bu o demək deyil ki, məntiq əsasında kiminsə cəzalandırılacağını söyləmək mümkündür.
Məncə, indiki halda həmin şəxs (Rasim Quliyev – red.) özü bu işin araşdırılmasına cəhd göstərməlidir. Çünki əvvəl o müqəssir sayılırdı, indi isə azadlığa buraxılıb. Qoy o da tələb etsin ki, bu iş yenidən araşdırılsın, həqiqi günahkar tapılıb cəzalandırılsın”.
A.Zeynalov