Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Zerkalo” qəzetinin sabiq əməkdaşı Rauf Mirqədirovla bağlı məhkəmə prosesi yekunlaşıb.
Bu barədə R.Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib.
Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə R.Mirqədirova hökm oxunub. Məhkəmənin hökmü ilə R.Mirqədirov barəsində cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.
Qeyd edək ki, ötən məhkəmə proseslərində dövlət ittihamçısı R.Mirqədirovun 7 il müddətinə azadlıqdam məhrum edilməsini istəyib. Prokuror hakimlər kollegiyasından R.Mirqədirova qarşı açılmış cinayət işinə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiq edilərək onun işinin yüngülləşdirilməsini istəyib. Vəkil Fuad Ağayev müdafiə etdiyi şəxsə bəraət istəyib. Sonuncu prosesdə isə R.Mirqədirov son söz deyərək ittihamları əsassız hesab edib və hakimdən bəraət istəyib.
Xatırladaq ki, R.Mirqədirovla bağlı istintaq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılıb.
R.Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlayıb.(trend)