Tanınmış jurnalist “Milyarderlər İttifaqı” ilə əlaqədə suçlanır?
Türkiyədən deportasiya edilən jurnalist Rauf Mirqədirovun həbs edildiyi açıqlanıb. Bu barədə məlumatı Musavat.com-a vəkil Fuad Ağayev verib. Onun sözlərinə görə, bir neçə dəqiqə əvvəl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranski zəng edib. Müstəntiq bildirib ki, Rauf Mirqədirov şübhəli şəxs qismində saxlanılıb. Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. Rauf Mirqədirov hüquqlarının vəkil Fuad Ağayev tərəfindən müdafiə olunmasını istəyib.
Vəkil sabah Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə getməyi planlaşdırır.
Fuad Ağayev deyib ki, həbsi MTN həyata keçirib və Mirqədirov hazırda MTN-də saxlanılır. Jurnalist dövlət əleyhinə casusluqda şübhəli bilinir.
Cinayət Məcəlləsində 274-cü maddəyə görə (dövlətə xəyanət) 10 ildən 15 ilədək və ya ömürlük həbs cəzası
nəzərdə tutulur.
Yenicag.az-da daxil olan məlumata görə, Rauf Mirqədirov “milyarderlər ittifaqı”nın “qurbanı” olub. Belə ki, tanınmış jurnalist Rusiyada qurulan ittifaqın Türkiyə ayağını təşkil etməkdə suçlanır. Ehtimallara görə, sabiq nazir Nicat Quliyev, Akif Muradverdiyev və digərləri ilə birlikdə RATİ planının gerçəkləşməsi üçün çalışmaqda ittiham olunacaq. Bu həbsin Ərdoğanın Bakı səfərindən sonra gerçəkləşməsi MİT-in Azərbaycan prezidentinə qarşı çevrilişlə bağlı dəlilləri rəsmi Bakıya təqdim etməsi ehtimalını ortaya çıxarır. Bəs o zaman niyə Rauf Mirqədirov? Bu suala cavab vermək tez olsa da, digərlərindən fərqli olaraq, onu həbs etməyin daha asan olduğu aşkardır. Digərlərinin Rusiya vətəndaşı olmaları və bu səbəbdən də tələb olunsalar belə, Azərbaycana verilməsinin sual altında olması bilinir.
Onu da qeyd edək ki, “Milyarderlər ittifaqı” yaranan zaman R.Mirqədirov bu məsələni “Putinlə Əliyevin münasibətləri kifayət qədər soyuqdur, RATİ-i isə təzyiq göstərmək məqsədi daşıyır» deyə şərh etmişdi. Göründüyü qədəri ilə Əliyev RATİ məsələsini tarixin arxivinə ötürmək yerinə bu məsələnin bütün tərəflərinin aydınlanmasını istəyir. Bu səbəbdən də, bütün bu həbslərin fonunda Abbas Abbasovun da Rusiyadan tələb edilməsi gündəmə gələ bilər. Baxmayaraq ki, baş nazirin sabiq müavini dəfələrlə iqtidara xəyanət etmədiyinə dair and içib.