Bu gün Nəsimi Rayon Məhkəməsində jurnalist Rauf Mirqədirovun həbs müddətinin uzadılması ilə bağlı məhkəmə prosesi davam etdirilib.
Vəkil Elmar Süleymanov bildirib ki, onların işə baxan hakim Şəlalə Həsənovaya verdikləri etiraz təmin olunub: “Rauf Mirqədirovla bağlı işə bundan əvvəl də Şəlalə Həsənova baxdığı üçün ötən gün keçirilən iclasda biz hakimə etiraz verdik. Həmin etiraz təmin olundu və işə hakim Azər Paşayevin sədrliyi ilə baxıldı”.
E. Süleymanov məhkəmənin R. Mirqədirovun barəsində seçilmiş həbs -qətimkan tədbirinin müddətinin noyabrın 16-dək uzadılması barədə qərar qəbul etdiyini bildirib.
Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb. R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti sonuncu dəfə bu il mayın 6-da Nəsimi Rayon Məhkəməsi tərəfindən 4 ay uzadılıb(APA).