Baş Dövlət Yol Polisi (DYP) İdarəsi Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədi ilə sürücülərə müraciət edib.
İdarədən Yenicag.az-a verilən xəbərə görə, keçiriləcək növbəti “Formula-1” Azərbaycan Qran-prisi yarışları ilə əlaqədar olaraq, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq 2015-ci ilin protokoluna uyğun olaraq Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədi ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı şəhərində qeydiyyatda olmayan minik və yük avtomobillərinin paytaxta girişinə aprel ayının 23-dən məhdudiyyət tətbiq ediləcək.
“Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda piyadaların və nəqliyyat vasitələrinin şəhər daxilində rahat və fasiləsiz hərəkətinin təşkili ilə bağlı paytaxta gəlmək istəyən rayon sakinlərinə tövsiyə edir ki, respublikanın digər regionlarında qeydiyyatında olan fərdi minik avtomobillərinin Bakı şəhərində əlavə nəqliyyat sıxlığı yaradacaqlarını nəzərə alaraq paytaxta gəlmək üçün müasir və komfortlu avtobuslardan, Sumqayıt sakinləri isə avtobuslarla yanaşə Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə etsinlər.
Bakı şəhərinə girişi məhdudlaşdırılan nəqliyyat vasitələri ilə gəlmək məcburiyyətində qalan sakinlər üçün isə ötən illərdə olduğu kimi şəhərin giriş hissələrində hər bir lazımi şəraitlə təzhiz olunmuş mühafizə olunan ödənişsiz duracaqlar təşkil edilib ki, sakinlər həmin duracaqlarda öz avtomobillərini saxlamaqla xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə, habelə taksi xidmətlərindən istifadə edə bilərlər”.