Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rayon maşınlarının Bakıya girişinə qoyulan qadağa narazılığı artıra bilər

13658Ekspertlər etiraz edirlər: “Nazirlər Kabinetinin nəqliyyatla bağlı yeni qaydaları rüşvətxorluğun artmasından başqa heç nəyi dəyişməyəcək”

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarına əsasən, kütləsi 5 tondan artıq olan yük maşınları və rayon qeydiyyatında olan şəxsi avtomobillərin Bakı şəhərində hərəkəti mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılacaq. Sentyabrın 1-ə qədər şəhərin cənub və şimal istiqamətlərindən giriş ərazilərə yaxın yerlərdə bütün zəruri şəraiti olan ödənişsiz dayanacaqlar tikilib, təhvil veriləcək. Oradan sərnişinlərin şəhərə çatdırılması üçün xüsusi avtobus və taksilər xidmət göstərəcək.

Qeyd edək ki, I Avropa Oyunları zamanı müvəqqəti tətbiq edilən bu məhdudiyyətlərin artıq mütəmadi xarakter alması avtomobili rayon qeydiyyatında olan sürücülərin narahatlığına səbəb olub.

Musavat.com yeni tətbiq olunan qaydaların nəqliyyata verəcəyi faydaları və əks təsirləri ekspertlərin köməyi ilə təhlil edib.

Nəqliyyat məsələləri üzrə ekspert Məzahir Rüstəmov bildirib ki, bu qaydalar müsbət dəyişikliyə səbəb olmayacağı kimi, rüşvətxorluğun artmasına da səbəb olacaq: “Əvvəldən də məlum idi ki, I Avropa Oyunlarından sonra bu qaydalar saxlanacaq. Çünki bəlli idi ki, hökumət oyunlar zamanı nəqliyyatın hərəkətində yaranan müsbət dəyişikliyi saxlamağa çalışacaq və qoyulan qaydalar davam edəcək. Ancaq yaddan çıxarmayaq ki, Bakıda nəqliyyatdakı sıxlığın səbəbi heç də regionlardan gələn avtomobillərin sayı ilə bağlı deyil, şəhərdə məskunlaşan və şəxsi avtomobillərdən istifadə edən əhalinin sayı ilə bağlıdır. Hazırda Bakı yollarında ən sakit vəziyyət müşahidə olunur. Çünki hələ regionlarda yaşayan tələbələr şəhərə qayıtmayıblar. O cümlədən, şəhərdə yaşayanların əksriyyəti şəxsi avtomobilləri ilə regionlara istirahət üçün üz tutub. Sentyabr ayı gələn kimi vəziyyət tamamilə dəyişəcək, nəqliyyatda sıxlıq daha da artacaq. Yollarda şəxsi avtomobillərin sayı artacaq, marşrut xətlərinə yeni avtobuslar çıxarılacaq. Lakin region qeydiyyatında olan avtomobillərin və ağır yük maşınlarının gündüz saatlarında şəhərə buraxılmaması nəinki problemin həllinə xidmət edəcək, əksinə, rüşvət və korrpusiya hallarını artıracaq. Bu gün nəqliyyat sistemində böyük rol oynayan rüşvət bu prosesdən də yan keçməyəcək”.

Ekspertin sözlərinə görə, yük maşınlarının şəhərə girişinin məhdudlaşdırılması isə xüsusən, ayrı-ayrı biznes sahələrində tənəzzülə və inkişafın ləngiməsinə səbəb ola bilər: “Yollarda sıxlığın aradan qaldırılmasının yeganə yolu bu deyildi. Ancaq bir halda ki, Nazirlər Kabineti bu maşınların şəhərə girişini qadağan edib, bunun nəticəsini biz bir neçə aydan sonra biləcəyik. Burada “ver-keç” məsələsinin olması da qaçılmazdır. Bundan əlavə, sözügedən avtomobillərin şəhərdə hərəkət saatının sutka ərzində 8 saata endirilməsi hərəkətin intensivliyini artıracaq ki, bu da qəzaların artmasına gətirib, çıxaracaq. Bu qərardan sonra qəzaların artmasının şahidi olacağıq”.

Nəqliyyat eksperti İlqar Hüseynli də bu qərarı ədalətsiz adlandırıb və islahatlar zamanı xarici təcrübədən nümunə götürməyin vacibliyi də qeyd edib: “Məsələn, Yaponiya təcrübəsinə baxmaq olar. Orada yollarda sıxlığın qarşısının alınması üçün həftənin tək günlərində tək nömrəli avtomobillər, həftənin cüt günlərində isə cüt nömrəli avtomobillərin şəhərdə hərəkətinə icazə verilir. Azərbaycanda da yaxşı olardı ki, yol hərəkəti qaydaları modern qanunvericilik əsasında həyata keçirilsin. Amma ümumilikdə region qeydiyyatında olan avtomobillərin hərəkətinin məhdudlaşdırılması düzgün deyil. Bu ölkədə təcili tibbi yardım maşınları ilə bağlı çatışmazlıq var. Əgər, insan şəxsi avtomobili ilə xəstəsini Bakıya gətirirsə, o, bir neçə saat dayanacaqda gözləyib, axşam şəhərə daxil olmalıdır və ya şəhərdə hərəkət üçün əlavə taksi xərci ödəməlidir. Bu isə vətəndaşın hüququnun pozulmasıdır. Qeyd olunur ki, şəhərin girişində böyük avtodayanacaqlar yaradılacaq, deməli, insanlar burada da pul ödəyəcək. Bu qaydaların qadağalar şəklində qoyulmasının tam əleyhinəyəm və beynəlxalq təcrübədə belə bir qadağa yoxdur. Mən çox arzu edərdim ki, bizdə də hər hansı islahatlar aparılarkən beynəlxalq təcrübə öyrənilsin və ən yaxşıları tətbiq olunsun”. /musavat.com/

www.yenicag.az

204