“Rayon sakinlərindən pul alaraq, onları Bakıya keçirməyə cəhd göstərənlər var” – Elməddin Muradlı

“Bəzi sürücülər rayonlararası və şəhərlərarası magistrallardan ayrılan ara yollardan istifadə etməklə, gediş-gəlişə can atırlar”.

Ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, koronavirusa qarşı mübarizə fonunda 29 mart saat 00:00-dan etibarən, xüsusi karantin rejimi gücləndirilir.

Bu çərçivədə həyata keçirilən tədbirlər sırasında karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat vasitələrinin hərəkəti tam dayandırılır.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı Yenicag.az-a açıqlamasında avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərarın necə icra olunacağını şərh edib.

Elməddin Muradlıya görə, məhdudlaşdırıcı qaydaların tətbiq olunması zərurətdir və vətəndaşlar yalnız qeydiyyatda olduqları şəhər və ya rayon hüdudlarında sərbəst hərəkət edə bilər:

“Sumqayıt, Bakı, Abşeron ərazisində avtomobillərin hərəkəti sərbəstdir. Bölgələrimizdə isə vətəndaşlarımız bir şəhərdən digər şəhərə gedə bilməz. Sürücülər yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatlara əsaslanaraq, ona uyğun davranmalıdırlar.

Vətəndaşlarımızın təhlükəsizliyi üçün müəyyən olunan qaydalara riayət etmək çox vacibdir. Çox təəssüf ki, bəzi sürücülər qaydalara əməl etmirlər və bu da onlara qarşı ciddi təbdirlərin görülməsi ilə nəticələnir.

Məsələn, dünən təcili yardım maşını ilə vətəndaşların postdan keçirilməsinə cəhd edilib. Bundan əlavə, Lökbatan və Ələt qəsəbələrində yerli sakinlər rayondan gələn vətəndaşlardan pul alaraq, onları postdan keçirməyə cəhd göstəriblər.

Mövcud vəziyyətdən sui-istifadə etməyə çalışan insanların bu əməlləri əlbəttə ki, təəssüf doğurur. Koronavirus təhlükəsinə ciddi yanaşmaq lazımdır ki, ağır fəsadlarla üzləşməyək”.

Gülşən Şərif