Rayonlara qeyri-qanuni bilet satanlarla bağlı – AÇIQLAMA

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti rayonlararası və şəhərlərarası qeyri-qanuni avtobus biletlərinin satılması məsələsinə münasibət bildirib.

Xidmətin Mətbuat katibi Nuridə Allahyarova Trend-ə bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində qeyri-rəsmi bilet satılması mümkünsüzdür.

O qeyd edib ki, həm DANX-ın, həm də BBAK-ın əməkdaşları bütün günü bu məsələ ilə bağlı müşahidələr aparırlar və bu cür halların baş verməsinə imkan vermirlər:

“Respublika üzrə 60 avtovağzal və avtostansiya mövcuddur və onların hər birində DANX-nin yerli əməkdaşları müşahidələr aparır. Yəni regionlarda da avtovağzallarda daim müşahidə aparılır və qeyri-qanuni bilet satışı mümkün deyil”.

N.Allahyarova bildirib ki, regionlarda qeyri-qanuni avtobus biletinin satışı yalnız qeyri-qanuni sərnişindaşıma həyata keçirən daşıyıcılar tərəfindən edilə bilər və bu cür hallar Avtovağzalın özündə yox, kənarda baş verə bilər:

“Biz bununla bağlı ölçü götürülməsi üçün müşahidələr aparırıq və aidiyyəti qurumlara, Dövlət Yol Polisinə müraciət edirik. Çünki bizim qeyri-qanuni daşımalar həyata keçirənlərə qarşı tədbirlər görmək səlahiyyətimiz yoxdur. Ancaq qanuni, yəni DANX-nin nəzarət etdiyi daşıyıcılar hər hansı bir süni qiymət artımına və ya əldən bilet satışına yol verərlərsə, biz dərhal tədbir görərik, lakin qeyri-qanuni daşıyıcılara görə biz sadəcə məlumat alıb aidiyyəti qurumları xəbərdar edə bilərik”.

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə qeyri-qanuni bilet satışı ilə bağlı məlumatlar yayılmışdır. Belə halların əsasən regionlarda müşahidə edildiyi qeyd edilir.

COP29