Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rayonluları “ikinci sort” hesab edən “bakineç”lər - erməni, rus, yəhudi… - Azər Rəşidoğlu yazır

Bütün dünyada şəhər və əyalət qarşıdurması var. Azərbaycanda da var və həmişə mövcud olub. Bunun başlıca 2 səbəbi var. Birinci səbəb sırf texnoloji səbəblərdir. Məsələn, şəhərdə yüksək səslə danışılmaz, nazik divarlı “xruşovka”larda yaşamaq insanları ev sirrini qonşusundan gizlətmək üçün asta danışmağa vadar edib.

Əyalətdə evlərarası məsafə böyük olduğundan, insanlar ucadan danışmağa vərdiş edib, şəhərə gələrkən də bu vərdişi unuda bilmir. Əyalət sakinlərinin Bethovenə qulaq asmamağı da nisbi anlayışdır və fərdidir. Düzdür, Bakıda Bethovenə qulaq asan daha çox olub, paytaxtdakı tədbirlər və s. bu vərdişi və zövqü formalaşdırıb, lakin bunlar da texniki məsələlərdir.

Bakılı üçün meyxana nə qədər doğmadırsa, qazaxlı üçün də saz o qədər doğmadır. Uşaq ikən vərdiş edilən damaq zövqü də nisbidir. Bakılının düşbərəsi, qazaxlının qurutdu xəngəli də məhz damaq dadına alışmaqdır. Sovet dönəmində rus dilində danışan, fərqli geyinməyə çalışan, mütləq qaydada rayondan gələnləri “ikinci sort” hesab edən bir “bakineç” təbəqəsi formalaşmışdı və əsasən, erməni, rus, yəhudi, qismən də azərbaycanlılardan ibarət idi.

SSRİ dağılmaqla və əyalətlərdən paytaxta köçün başlaması ilə bu təbəqə yoxa çıxdı. İndi üçüncü təbəqə formalaşıb. Əyalətdən çıxıb, ancaq əyalətə nifrət edir, özünü şəhər mədəniyyətinə aid eləmək istəyir, lakin alınmır və bu səbəbdən də ətrafa nifrət saçır.

Şəhər və kənd yaşamının fərqli cəhətləri mövcuddur və hər biri öz şirəsində bişdiyinə görə şirindir. Rayon və şəhər arasındakı fikir ayrılığını dərinləşdirən də bu təbəqədir. Saçının rəngini sarı boyamaq, mini geyinmək, saqqız çeynəmək, qarşı cinslə davranışda “səmimi” görünməyə çalışmaq şəhərli olmaq anlamına gəlmir.

Bakı sevgisi Arif Babayevin filmlərində öz əksini tapıb. Kənd dilinin şirinliyi İsmayıl Şıxlı ilə İsa Hüseynovun qələmində gözəl görünür. Ağlıma gətirə bilmirəm ki, Cahangir Cahangirov əyalətdən gələnə yuxarıdan aşağı baxa bilərdi. Köklü bakılı idi və Bakını sevdirirdi.

Əyalətdən gəlmək nöqsan deyil. Hər kəs haradansa gəlir, haradasa məskunlaşır. Lakin bundan kompleks yaratmaq nöqsanlıdır. Sarı saç, kirpiyi ilə salam vermək şəhər mədəniyyətinə aid olmaq demək deyil. Bethoven də şəhər mədəniyyəti deyil, Qərb mədəniyyətidir.

Bir də var – şəhər və əyalətdən üstün olan mədəniyyət, şuşalı Üzeyir bəy Hacıbəyovun yaratdığı o zəngin musiqi. Bu, əyalət və şəhərdən üstündür. Bakılı Vaqif Mustafazadənin yaratdığı “Düşüncə” isə Azərbaycan ətri verən dünya mədəniyyətinin bir zirvəsidir, qətiyyət bakılı, rayonluya məxsus deyil, bəşəridir.

Əyalətdən çıxdığımıza utanmaqdansa, buna sevinmək lazımdır, o cümlədən, şəhərli olduğumuza.

Bir şərtlə ki, birini o birindən üstün bilməyək…

www.yenicag.az

429
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100