Razi Nurullayevin seçicilərlə görüşü davam edir – FOTOLAR

79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizəd Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.

Yenicag.az xəbər verir ki, Razi Nurullayev yanvarın 26-da rayonun Yuxarı Qaralar, Ölcələr və Soltanmuradlı kəndlərinin sakinləri ilə görüşlər keçirib.

Razi Nurullayev sakinlərlə söhbət zamanı hər zaman olduğu kimi insanları narahat edən əsas sosial-iqtisadi problemlərə toxunub. O, bildirib ki, qarşısına qoyduğu əsas məqsəd məhz bu problemlərin həllidir.

Namizəd bir daha pensiya məsələsinə toxunaraq, təqaüdlərin az, yaş həddinin isə yüksək olduğunu bildirib. Uşaq pulu məsələsinə toxunan Razi Nurullayev vurğulayıb ki, hökumət hər doğulan uşağa birdəfəlik və aylıq ödənişlər etməli, körpələri müəyyən yaşa kimi pulsuz yeməklə təmin etməlidir.

İnsanları ağır sosial güzərandan çıxarmağın yollarından da danışan namizəd bildirib ki, hökumət proqramlar, layihələr həyata keçirməli, vətəndaşa sadələşdirilmiş ipoteka, güzəştli biznes kreditləri verməlidir. Razi Nurullayev bir daha vurğulayıb ki, bu məsələlərin daim gündəmdə qalması və həyata keçirilməsi üçün mübarizə aparacaq.

Deputatların fəaliyyətinə də toxunan namizəd bildirib ki, millət vəkilinin vəzifəsi xalqın arasında olmaq, onlarla tez-tez görüşmək, problemlərini dinləmək, qayğılarını görmək və bunları parlament tribunasından səsləndirmrək, bu problemlərin həlli üçün layihələr, proqramlar hazırlayaraq hökumətə təqdim etməkdir.

Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.