“Ukraynanın Qərb silahları ilə Rusiyanı vurmasına razılıq verilməsi təsirsiz qalmayacaq”.
Bunu Yenicag.az-a açıqlamasında Qərbin Ukraynaya Rusiya ərazilərinin vurulması ilə bağlı verdiyi razılığın törədəcəyi fəsadlardan danışan politoloq Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, bu, Ukraynaya rus ordusunun təchizatı ilə bağlı müəyyən strukturları sıradan çıxara bilməsinə imkan yaradacaq.
“Eyni zamanda, rus xalqının da müharibəni hiss etməsi istənilir. Lakin sözügedən addımlar müharibənin gedişinə ciddi təsir göstərməyəcək. Xüsusi vurğulamaq lazımdır ki, yaxın perspektivdə Ukraynanın əks-hücum əməliyyatlarına keçmək potensialı zəifdir”, – deyə siyasi şərhçi qeyd edib.
Politoloq bildirib ki, hazırda Rusiya-Ukrayna cəbhəsində pat vəziyyət yaranıb:
“Yəni nə Rusiya irəliləyə, nə də Ukrayna onu ərazilərindən çıxara bilir. Ancaq Qərbin Ukraynaya Rusiya ərazilərinin vurulması ilə bağlı razılığı Kremli daha da azğınlaşdıracaq. Nəticədə daha çox insan qırılacaq və daha çox dağıntı olacaq.
Ukraynanın torpaqlarını azad edə bilməsi üçün göstəriləndən daha çox yardıma ehtiyacı var. Tələb olunan səviyyədə isə yardım çatdırılmır. Bu isə ABŞ-nin artıq qalib olduğunun göstəricisidir. Müharibənin hazırkı vəziyyəti Qərbi qane edir. ABŞ nə Rusiyanın, nə də Ukraynanın ciddi məğlubiyyətə uğramasını istəmir. Nə qədər ki, proseslər indiki fazada davam edəcək, Ukraynanın ciddi uğurlar əldə etməsi mümkünsüz olacaq”, – deyə Abutalıb Səmədov vurğulayıb.
Nəsimi Ələsgərli