“Real Madrid”-“Bavariya” matçı: Qarşılaşmanı erkən final adlandırmaq olar

“Real Madrid”-“Bavariya” matçını erkən final kimi də qiymətləndirmək olar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək yarımfinal matçının cavab oyununda qarşı-qarşıya gələcək “Real Madrid”lə “Bavariya” komandalarının şanslarını dəyərləndirən idman jurnalisti Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, UEFA Çempionlar Liqasının ikinci yarımfinal matçının cavab görüşü “Borussiya Dortmund” ilə “PSJ” oyundan daha maraqlı olacaq.

“Çünki ilk finalçı “Borussiya” o qədər də güclü sayılmır və “Real Madrid ilə “Bavariya” cütündən finala çıxan komandanın Çempionlar Liqasının qalibi olmaq ehtimalı daha böyükdür. “Real Madrid” “Bavariya” matçını erkən final kimi də qiymətləndirmək olar. Fikrimcə bu oyunda son saniyələrə qədər mübarizə davam edəcək. Bu oyun “Bavariya” üçün çox önəmlidir və son şansdır. Çünki komanda bu mövsümü çox uğursuz keçirib. Uzun illərdir əlində saxladığı çempionluğu “ Bayer Leverkuzen” klubuna təhvil verib. Bu uğursuzluğun üzərini örtmək üçün isə Çempionlar Liqasında final oynayaraq turnirin qalibi olmaq onlar üçün yaxşı sonluq olardı. Ona görə də axşamki oyunda “Bavariya”nın “Real”a asan təslim olacağını düşünmürəm. Ən azlndan sona kimi mübarizənin şahidi olacayıq”, – deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, “Real” bu oyunda rəqibdən üstün olaraq qələbəyə yaxın tərəfdir:

“Oyunun gedişatı ilə bağlı onu demək olar ki, “Real Madrid” də həm doğma meydan amili baxımından, həm də illərdir bu turnirin qalibi olduğuna görə finalı əldən vermək istəməyəcək.

Ümumiyyətlə, qəbul etmək lazımdır ki, “Real” Çempionlar Liqasında rəqibin kimliyindən asılı olmayaraq, istənilən vaxt, mərhələ, matçda favorit tərəfdir. Ona görə də, “Real” bu oyunda da rəqibdən üstün olaraq qələbəyə yaxındır. Düzdür, ilk oyunun təklarlanacağını düşünməsəm də, fikrimcə, bu dəfə daha baxımlı matç izləyə biləcəyik”.

İsmayıl Bakuvi

COP29