!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Real sektordakı digər məhdudiyyətlər də aradan qaldırılacaq? - Deputatdan AÇIQLAMA

!Reklam – Yazi

“Turizm və ticarət sektorlarında iqtisadi aktivliyin yüksələcəyi gözlənilir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov ötən il ilə müqayisədə ümumi daxili məhsul istehsalının 0,8 faiz artmasına münasibət bildirərkən deyib.

Deputata görə, sərt karantin tədbirlərinə getmədən, əksinə real sektordakı bir sıra məhdudiyyətlərin aradan qaldırılması və yoluxma sayının optimallaşdırılması təqdirəlayiq haldır:

“Pandemiyanın təsirlərindən ötən il Azərbaycanda ÜDM istehsalı 4.3 faiz azalmışdı. Bu ilin ilk ayında isə iqtisadiyyatımız 2.5, ilk iki ayında 3.2, birinci rübdə 1.3 və nəhayət yanvar-aprel aylarında 0.2 faiz azalmışdı. Göründüyü kimi, ötən ildən başlanan azalma tempi may ayının yekunlarında artım ilə əvəz olunub. Bu ilin ilk beş ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyəri 6,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,5 faiz artmışdı. Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi həmçinin bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və bir sıra yumşalmalara gedilməsi ilə bağlıdır”.

Turizmin neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektor olduğunu qeyd edən Vüqar Bayramov qeyd edib ki, karantin rejimi ilə bağlı yumşalmalar bu sahənin inkişafına yol açacaq:

“2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2.7 milyard dollardan çox olub. Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də turizm sektorundakı açılımlar həmçinin məşğulluğun təmin edilməsi baxımından da vacib hesab olunur.  Virus sayını lokallaşdıra bilən ölkələr ilə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsədəuyğundur və bu, real sektordakı canlanmaya xüsusi təkan verə bilər.

Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərir. Yoluxma sayının azalması davam edərsə, real sektordakı digər məhdudiyyətlərin də mərhələli şəkildə aradan qaldırılacağı istisna edilmir”.

Gülşən Şərif

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv