Rəcəb Tayyib Ərdoğan imzaladı, ordu gəlir – Sənəddə nə yazılıb?

Qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qəbul etdiyi qanunu imzalayıb. Qanun “Rəsmi qəzet”də dərc edilib.

Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi iki ölkə arasında 16 avqust 2010 tarixində imzalanan “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə uyğun olaraq həyata keçirilir.

Azərbaycanın haqlı davası və Azərbaycan-Türkiyə birliyinin, 44 günlük müharibədəki zəfərimizin ən parlaq təsbit və tərənnümləri qardaş ölkənin qazi məclisində, digər rəsmi qurumlardakı müzakirələrdə özünü göstərdi. Əlbəttə, bu müzakirələrin, qardaşlıq duyğularının, tərənnümlərin öz rəsmi təsdiqini, hüquq gücünü qazanması xüsusi hadisədir.

“Azərbaycan Ordusu ərazi bütövlüyünün təmin edilməsi istiqamətində böyük uğur əldə edib. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanata görə, Rusiya və Türkiyə arasında atəşkəsin monitorinq mərkəzinin yaradılması qərara alınıb. Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olmağa davam edəcək. Türkiyənin Azərbaycana verdiyi dəstək Azərbaycanın suverenliyinin qorunması üçün beynəlxalq hüquqa əsaslanır” – yazılıb həmin sənəddə.

Hüquqi qüvvəyə minmiş sənədə əsasən, Türkiyə hərbçiləri Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək.

Qardaş ölkə hərbi qüvvələrinin respublikamıza göndərilməsi ilə bağlı qərar tarixi mahiyyət kəsb edir. Türkiyədə və Azərbaycanda mövcud olan siyasi iradə, dövlət rəhbərliyimizin xalqın istək və arzularını ifadə edərək tarixi qərarlar qəbul etməsi bu məsələdə bazis rolunu oynayır.

Hələ bu ilin iyulunda Ermənistanın Tovuz istiqamətində növbəti təxribatçı hücumu zamanı qardaş ölkənin Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın Ermənistanın boyundan böyük işlərə girişdiyinə dair xəbərdarlığını, “Gərək olarsa, əcdadımızın 100 il öncə etdiyini tərəddüd etmədən təkrarlayarıq” məzmunda açıqlama ilə çıxış etməsini minnətdarlıqla xatırlayırıq. Bundan öncə – 2018-ci ildə Bakıda keçirilən Birgə Paradda verilən birgə ismarışlar, ondan öncələr və sonralar verilən digər ismarınclar ən yeni dövr qardaşlıq tariximizin parlaq səhifələrini təşkil edir. Özəlliklə 44 günlük Azərbaycan Böyük Vətən müharibəsi günlərində Türkiyə Cümhurbaşqanı başda olmaqla, milli müdafiə naziri, xarici işlər naziri, TBMM-də təmsil olunan əsas partiyalar və biləvasitə TBMM başqanı tərəfindən, çoxsaylı türk QHT və KİV-ləri tərəfindən verilən ismarışlar, göstərilən mənəvi, siyasi dəstək qardaşlıq dastanımızın qızıl səhifələri içində öz yerini mütləq alacaq. Belə dəstəklər bütövlükdə türk xalqının arzu və istəklərinin ifadəsi, qardaşlıq ruhunun şahə qalxmasının təntənəsiydi və həmişə var olacaq! Ustad Bəxtiyar Vahabzadə demiş “Bizdən həm öncə, həm sonra Vətən var”. O Vətən ki, birimizin vətənimiz o birimizin də vətənidir.

Qazax mütəfəkkiri Mustafa Çokay “Dünyada hər türkün iki vətəni vardır: biri öz vətəni, o biri Türkiyə” deyib; ruhu şad Mustafa Çokayın fikrini Türkiyəli qardaş-bacılarımızın gözü ilə oxusaq, bizim doğma Vətənimiz də Türkiyəli qardaş-bacılarımızın vətənidir, əlbəttə.

Türkiyə hərbi qüvvələrinin respublikamıza gəlməsi ilə bağlı müzakirələr, o müzakirələrə münasibət sevda ilə ağlın birgəliyini təcalla etdirir, deyə düşünürəm… Bu sevda ölüncədir və yalnız sevda deyildir; bu, eyni dərəcədə türk dövlət ağlıdır – dünyada ən çox dövlət, xaqanlıqlar qurmuş ağıl! (Artıq vurğuladığımız kimi, ən yaxşı konsensus yəqin ki, yanar qəlbli sevda ilə dövlət ağlının birliyindən keçir…)

Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan münasibətləri həmişə öz xəlqi xarakteri ilə seçilib; xalq ruhunun cəsarəti ilə fərqlənib. Tikanlı məftillər, dəmir qapılar, ideoloji-siyasi qadağalar, daha nələr-nələr… qardaşlıq ruhumuzu sıradan çıxarda bilmədi. Qafqaz Türk-İslam Ordusunun qurtuluş hərəkatı ilə XX yüzildə öz zirvə məqamını yaşayan qardaşlığımız I Dünya müharibəsi illərində Çanaqqalada sınaqdan çıxmışdı. Doğrudur, qardaşlar arasında sınaq olmur, bu sınaq daha çox başqalarının baxışını, başqalarının qurduğu oyunları nə dərəcədə pozub-pozmamağımızla bağlı bir yanaşmanın ifadəsidir. Gəlinlərimiz qulağından sırğanı, cavanlarımız barmağından nişan üzüyünü, ailələr sandıqlardakı “ürək daşı”nı Çanaqqalada savaşan qardaşlarına hansı ruhla göndərdiyini ruhumuzla, könlümüzlə duyuruq, bilirik və o ruha vuruluruq! O ruh, o sevda, 44 günlük müharibə günlərində Türkiyədən neçə-neçə sadə insanın öz nişan üzüyünü, özünün hansısa arzusu, planı ilə bağlı topladığı bir miqdar paranı Azərbaycan Ordusuna dəstəkçün göndərməsi ilə bir daha təcalla etdi…

Müharibələr yorğunu olmalarına baxmayaraq, 102 il öncə Azərbaycanı qurtarmağa gələn Nuru Paşanın əsgərləri də eyni ruha sahibdi. Nuru Paşa hərəkatından sonrakı illərdə, Anadoluda istiqlal savaşı verən Atatürk və silahdaşlarına yardım edərkən “qardaşdan qardaşa borc olmaz” hökmünü verən dövlət xadimlərimiz də o hökmü verərkən eyni ruha sahibdi. Qardaşlıq münasibətlərimizi bütün “mümkün deyil”lərə baxmayaraq mümkün etməyə çalışmış, bütün aydınlarımızın, fədakarlarımızın ruhu şad olsun! Yaşayan aydınlarımıza salam-sayğı və iş avandlığı diləyirik.

Bu yerdə, Ulu öndər Heydər Əliyevin siyasi-ideoloji düstura çevrilmiş “Biz bir millət, iki dövlətik!” kəlamını, Prezident İlham Əliyevin 2014-cü il aprelin 24-də Praqada (dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə) Türkiyə əleyhinə danışan Ermənistan təmsilçisinə dediyi “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən burdayam” sözlərini xatırlatmaq istərdim. Bu sözləri xatırladarkən, onların yalnız söz olmadığı, öz olduğu, qardaşlıq bağlarımızın yeni imkanlarla zənginləşdiyini, yeni çağırışlara layiqli cavab verən üstün səviyyəyə çatdığını böyük qürur hissi ilə deməliyik.

Qardaş ölkə hərbi qüvvələrinin respublikamıza göndərilməsini alqışlayır və fikirlərimi ümumiləşdirərkən, Prezident İlham Əliyevin 10 oktyabr 2020-ci il tarixində Rusiyanın RBK televiziya kanalına müsahibəsindən bir hissəni bölüşmək istərdim. Jurnalist “Mən Bakıda gəzəndə çoxlu Azərbaycan bayrağı gördüm, bir qədər az, lakin yenə də çox sayda Türkiyə bayrağı gördüm” deməsinə müqabil olaraq, dövlət başçısı belə dedi:

– Türkiyə bayraqlarının çox olması təbiidir. Biz qardaş xalqlarıq. Bu gün Türkiyə ilə Azərbaycan arasında etimad, qarşılıqlı dəstək və münasibətlərin səviyyəsi elədir ki, mənim fikrimcə, dünyanın hər hansı başqa, hətta ən yaxın ölkələri arasında elə səviyyə yoxdur. Bu, reallıqdır və bu reallığı biz yaratmışıq – Türkiyənin və Azərbaycanın rəhbərliyi. Özü də məsələ bizim ortaq köklərimizlə və ortaq tariximizlə bağlı deyil. Dünyada Türkiyə və Azərbaycan kimi etnik kökləri yaxın olan, lakin öz aralarında döyüşən xalqlar var. Bu, sizə də çox yaxşı məlumdur. Yaxud bir-biri ilə intriqa aparırlar. Buna görə Azərbaycanda Türkiyə bayraqlarının olması reallıqdır və əgər siz Türkiyəyə getsəniz, orada da çox yerlərdə Azərbaycan bayraqlarını görərsiniz.

Məncə, cənab Prezidentin sözləri bugün “Yol ver Türkün bayrağına” deyə sevinc, fərəh və qürur hissi ilə sosial şəbəkələrin Azərbaycan seqmentində minlərlə soydaşımız tərəfindən paylaşım edilən şad xəbərin – Türkiyə hərbi qüvvələrinin respublikamıza göndərilməsinin əsaslarını, hadisəsinin mahiyyətini əla ifadə edir.

Qardaşlığımız əbədidir!

Bayraqlarımız uca olsun!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri