“Referendumdan sonra Türkiyənin xarici siyasətində ciddi dəyişiklik gözlənilmir” – Rusiyalı politoloq

Türkiyədə keçirilmiş Konstitusiya referendumundan sonra ölkənin xarici siyasətində ciddi dəyişikliklərin olmayacağı bildirilir.

Rusiyalı politoloq, “Rusiya – Türkiyə: 500 illik narahat qonşuluq” kitabının müəllifi İvan Starodubtsov Yeniçağ. ru-ya müsahibəsində Türkiyədə ötən gün keçirilmiş referendumun nəticələrini dəyərləndirib.

– Referendum Rusiya-Türkiyə münasibətlərinə necə təsir göstərəcək?

– Gəlin əsas məqamı qeyd edək: referendumun açıqlanan nəticəsi Ərdoğanın Türkiyə tarixində ilk dəfə birbaşa seçkilər yolu ilə prezident seçilməsi faktının hüquqi təsdiqidir.

Referendumun nəticəsi Türkiyə liderinin və onun partiyasının siyasi ömrünün uzadılması baxımından əhəmiyyətli olsa da, onların ümumi siyasətinin, o cümlədən, Rusiyaya yönələn siyasətinin dəyişəcəyi gözlənilmir. Rusiya-Türkiyə münasibətləri həm sıx əməkdaşlıq, həm də rəqabət nöqteyi-nəzərindən əvvəlki kimi “seçilmiş tərəfdaşlıq” xarakteri daşıyacaq.

– Bu referendumun ardınca Türkiyədə hakimiyyətin mərkəzləşdirilməsindən sonra Ankaranın xarici siyasətində, xüsusilə, Qafqaz siyasətində dəyişikliklər gözlənilirmi?

-Artıq dediyim kimi, Türkiyənin xarici siyasəti yaranacaq şəraitdən asılı olaraq dəyişə bilər, ancaq burada köklü dəyişikliklərin olması gözlənilmir. Bu yanaşma Cənubi Qafqaz ölkələrinə yönələn münasibətə də aiddir.

-Türkiyənin Yaxın Şərq siyasətindən nə gözləmək olar?

– Hazırda Yaxın Şərqdə Türkiyə üçün əsas aktual olan kürd məsələsidir. Türkiyə kürd məsələsinin həlli, o cümlədən, İraq və Suriyadakı maraqlarının qorunması üçün regiondakı iki güc – ABŞ-la Rusiya arasında manevrlərini davam etdirəcək.

– Qərbin referendumun nəticələrinə münasibəti necə olacaq? Qərb-Türkiyə münasibətləri hansı səmtə yönələcək?

– Görürük ki, Qərb Türkiyədəki referendumun nəticələrini coşqu ilə qarşılamadı. Hər halda, Qərb dövlətlərinin liderləri qələbə münasibəti ilə təbrik teleqramı göndərmədilər. Bu məsələyə ilk olaraq Azərbaycan, ondan sonra isə Qətər reaksiya verdi. Yaxın illərdə Avropa ilə Türkiyə arasında münasibətlərin istiləşəcəyini gözləmək çətindir. Ancaq Türkiyədə 3,6 milyon suriyalı qaçqının olması tərəfləri istər-istəməz “məcburi tərəfdaş”a çevirir.

Yeniçağ.Az