!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Referendumun nəticələri rəsmən açıqlandı: 92% “hə” deyib

!Reklam – Yazi

511786AŞ PA nümayəndə heyəti referendumun nəticələrini tanıdı; müxalifət də islahatlar gözləyir.

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılmış referendum aktı layihəsi üzrə səslərin hesablanmasının yekun nəticələrini açıqlayıb. MSK sədri Məzahir Pənahov sentyabrın 27-də keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində təşkil olunmuş seçki məntəqələrinin də hamısında səsvermə prosesi başa çatıb.

Beləliklə, 5627 seçki məntəqəsinin hamısı hesabat verib. Səsvermənin nəticələrinə görə, 29 dəyişikliyin hamısı səsvermədə dəstəklənib. Dəyişiklikləri dəstəkləmə faizi 83-92 faiz arasında dəyişir. Prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasına seçkiyə qatılanların 92 faizinin müsbət yanaşdığı deyilir. Yaş senzinin 18-ə endirilməsinə isə səsvermədə iştirak edənlərin 91 faizinin “hə” dediyi qeyd edilir.

Xalq torpaqlardan səmərəli istifadə edilməyəcəyi təqdirdə torpaq üzərində mülkiyyətin məhdudlaşdırılması müddəasının ana qanuna daxil edilməsinə “hə” deyib. Referenduma qatılanların 85 faizinin bunu dəstəklədiyi bildirilir.

Vitse-prezidentlik institutunun müdafiəsi də səsvermə iştirakçılarından az səs almayıb. Həmin maddənin müdafiəsinə 89 faizin dəstək verildiyi vurğulanır.

Seçicilərin 69,7 faizinin seçkiyə qatıldığı da MSK-nın məlumatında yer alır.

M.Pənahov deyib ki, MSK-ya heç bir rəsmi müraciət, şikayət daxil olmayıb: “Beynəlxalq müşahidəçilər öz rəylərini veriblər. Yerli müşahidəçilər də geniş müşahidə missiyası həyata keçiriblər. İki gün ərzində rəsmi protokolların qəbulu prosesi ilə məşğul olacağıq. Ondan sonra protokollara əsasən ilkin nəticələri internet səhifəmizə yerləşdirəcəyik. Ən geci 25 gün ərzində prosesə yekun vurulacaq. Müraciət daxil olmasa, araşdırmalar tez yekunlaşarsa, nəticələri təsdiqləmək üçün iclas cağıracağıq”.

M.Pənahov sosial şəbəkələrdə məntəqələrdə qutulara topa bülletenlər atılması ilə bağlı yayılan görüntülərə də münasibət bildirib: “O halların hamısı araşdırılacaq. Səsverməyə təsir etmək gücündə olsa, həmin məntəqələrdə seçkinin nəticələri ləğv ediləcək. Həmin komissiyalar da buraxılacaq”.

“Prezident dövlətin və hamımızın taleyini müəyyənləşdirəcək yeganə şəxsdir”

Bir çox ekspertlər, təhlilçilər ümumxalq səsverməsinə çıxarılan və qəbul edilən konstitusiya dəyişikliklərini ölkənin siyasi idarəetmə institutunda yeni bir mərhələ kimi qiymətləndirir.

Müxalifət düşərgəsində də ciddi islahatlar gözləyənlər var. Məsələn, VİP sədri Əli Əliyev bildirdi ki, referendumdan sonra hakimiyyətin qarşısında çox ciddi vəzifələr dayanıb. O qeyd etdi ki, yeni dəyişikliklər paketi prezidentə tarixi şans verir: “Müstəsna səlahiyyətlər bu günə qədər onun idarəçiliyinin uğursuz hissəsində məsuliyyət payını azaltmaq üçün imkanlar yaradır. Prezident İlham Əliyev belə şəraitdə yaxın aylar üçün dövlətin və hamımızın taleyini müəyyənləşdirəcək yeganə şəxsdir. Bunun yolu isə sadədir-ya həqiqi islahatlar baş tutacaq, ya da ki, hər işin mövcud şəkildə saxlanıb ölkənin xaosa sürüklənməsi baş verəcək. İkinci variantı istəyənlərlə işim yoxdur. Ölkənin dəyişməsini istəyənlərin birisi kimi prezidenti xalqı düşünərək islahatlara getməyə, köhnənin yükündən azad olmağa, cəmiyyətlə konsensus tapmağa çağırıram. Ehtiyat limitimiz böyük deyil. Bu işlərin görülməsi üçün cəmi bir neçə ayımız var”.

“Venesiya Komissiyasının mənfi rəyi o deməkdir ki…”

Avropa Şurasının Venesiya Komissiyasının konstitusiya dəyişikliklərinə mənfi rəy verməsini və bu rəydən hakimiyyətdəkilərin narazı qaldığını, narahatlığını çıxsaq, iqtidar referendumu heç bir daxili və xarici problem olmadan asanlıqla həyata keçirdi. Bəs maraqlıdır, Venesiya Komissiyasının mənfi rəyindən nədən bu qədər narahatlıq keçirir hakimiyyət düşərgəsi? Bu qurumun rəyinin hansı əhəmiyyəti və təsirləri ola bilir? Rəyin müsbət olmamasından narahatlığa dəyərmi?
ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, Venesiya Komissiyasının mənfi rəyi o deməkdir ki, bundan sonra Azərbaycanda atılacaq heç bir addım Avropa dəyərlərinə uyğun addım kimi qəbul edilməyəcək. Bu konstitusiya və digər qanunlar Azərbaycan daxilində işləyəcək. Amma bu qanunlar beynəlxalq birlik tərəfindən legitim tanınmayacaq. Çünki Venesiya Komissiyası konstitusiyaya dəyişikliklərə mənfi rəy verib: “Yəni bu, o deməkdir ki, Azərbaycan Avropadan bir addım da uzaqlaşıb. Avropanın da onun dəyərlərindən uzaqlaşan cəmiyyətlərlə əməkdaşlıq sahələrində ümumi bir kursu var. Azərbaycan hakimiyyətindəki adamlar yaxşı bilirlər ki, Venesiya Komissiyasının bu rəyi Avropanın və ABŞ-ın bütün demokratik institutları, demokratik dövlətlər tərəfindən əsas götürüləcək və Azərbaycanda həyata keçirilən bütün proseslər şübhə altına alınacaq, legitim hesab olunmayacaq. Hakimiyyət təmsilçilərini qıcıqlandıran, narahat edən və qəzəbləndirən budur. Onlar istəyirlər ölkədə aparılan siyasət Avropada, ABŞ-da dəstəklənsin. Ona görə ki, Azərbaycan iqtidarının iqtisadi əlaqələri daha çox Qərblədir. Qərb isə öz iqtisadi əlaqələrini həm də siyasi əlaqələrə uyğun qurmaq istəyir. Bu baxımdan nonsens yaranır, bir tərəfdən Azərbaycan iqtisadi sahədə Qərblə geniş əməkdaşlıq edir, o biri tərəfdən isə demokratiya sahəsində əməkdaşlıqdan imtina edir. Bu disbalans vəziyyət isə uzun müddət davam edə bilməz. Müəyyən müddətdən sonra Avropa iqtisadi əlaqələri kəsə bilər və Azərbaycan çox ağır situasiya ilə üz-üzə qala, hakimiyyətdəkilər Avropaya yatırılan investisiyalardan məhrum ola bilər. Venesiya Komissiyasının mənfi rəyindən narahatlıq bununla bağlıdır. Hakimiyyətdəkilər bilir ki, Venesiya Komissiyasının rəyi bir çox iqtisadi dairələrə qərarları qəbul etmək üçün əsas olur. Venesiya Komissiyası bir mesaj verir iqtisadi çevrələrə ki, bu ölkədəki əsas qanunda bir çox müddəalar Avropa standartlarına uyğun deyil. Nəticədə böyük iqtisadi çevrələr gələcəkdə Azərbaycanla iqtisadi əlaqələrə girməkdən çəkinə bilər. Bu da indiki vəziyyətdə Azərbaycana zəruri olan investisiya qoyuluşunun qarşısını ala bilər”.

ADP sədri bildirdi ki, referendumu müşahidə edən beynəlxalq müşahidəçilərin böyük əksəriyyətinin verdiyi müsbət rəy səsvermənin təşkili, insanların sakit şəkildə gəlib səs verməsi, texniki-təşkilati məsələlərlə bağlıdır: “Diqqət etdikdə görürük ki, beynəlxalq müşahidəçilər konstitusiyaya dəyişikliklərin Avropa standartlarına uyğun olub-olmadığı barədə rəy bildirmədilər. Onlar seçki prosesinin təşkili, məntəqələrdəki sakitlik, səliqə-sahman və digər bu kimi texniki-təşkilati prosedurlardan danışdılar və buna müsbət rəy verdilər. Digər tərəfdən də, müşahidəçilərin siyahısına baxanda məlum olur ki, AŞ PA-nı çıxsaq, heç bir böyük, nüfuzlu, sözü beynəlxalq aləmdə qəbul edilən təşkilatdan müşahidəçi yox idi. Ayrı-ayrı ölkələrdən olan bir neçə deputatlar da var idi. Onlar da həmin ölkələrin parlamentləri tərəfindən göndərilməmişdilər, şəxsi əlaqələr onların fərdi şəkildə buraya gəlməsini təmin edib”.

AŞ PA-nın rəyi: “Azərbaycan Konstitusiyası qanuni və legitim hesab olunur”

AŞ PA-nın referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski heyətin ilkin rəyini dünən açıqlayarkən bildirib ki, AŞ PA nümayəndə heyəti belə nəticəyə gəlib ki, referendum milli qanunvericiliyə uyğun keçirilib: “Azərbaycan Konstitusiyası qanuni və legitim hesab olunur. Səsvermə prosesi şəffaf və yaxşı təşkil olunub, səmərəli və sakit keçib. Səslərin sayılması zamanı ciddi pozuntular qeydə alınmayıb. Biz Azərbaycan xalqının iradəsinə hörmətlə yanaşırıq. Hesab edirik ki, referendumun nəticələri Azərbaycanın təhlükəsiz, stabil və davamlı inkişafı istiqamətində bir addım kimi Azərbaycan xalqının iradəsini ifadə edir. Azərbaycan hökumətini gələcəkdə seçki prosesini daha da inkişaf etdirməyə çağırırıq”.

A.Nikoloskinin təqdim etdi rəydə həmçinin deyilir ki, Azərbaycan hökumətinin konstitusiya dəyişikliyi ilə bağlı rəy alınması üçün Venesiya Komissiyasına müraciət etməməsi təəssüf doğurur.

O, nümayəndə heyətinin AŞ PA bürosunun Venesiya Komissiyasına rəy üçün müraciət etməsini alqışladığını bildirib: “Biz Azərbaycan hökumətini konstitusiya dəyişiklikləri ilə bağlı Venesiya Komissiyasının rəyinə hörmətlə yanaşmağa çağırırıq”.

A.Nikoloski referendum kampaniyası zamanı bir neçə siyasi fəalın müxtəlif ittihamlarla saxlanılmasından təəssüfləndiklərini qeyd edib.(musavat.com)

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv