Rəfiqə Əliyevanın vəfatı ilə əlaqədar nekroloq imzalandı

Azərbaycanın tanınmış kimyaçı alimi Rəfiqə Əliyevanın vəfatı ilə əlaqədar nekroloq imzalanıb.

Nekroloqda qeyd olunur:

“Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış kimyaçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyeva 2017-ci il may ayının 6-da ömrünün 85 ci ilində vəfat etmişdir.

Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində almışdır.

Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958–1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışmışdır. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləmiş və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutmuşdur. O, 2001 ci ildən “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir.

Rəfiqə Əliyeva 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və həmin ildə professor adına layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf etmişdir. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunmuşdur. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlmişdir. Ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini vermişdir.

450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olmuşdur. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktorları yetişdirilmişdir.

Tanınmış kimyaçı alim Rəfiqə Əliyevanın məhsuldar elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış pedaqoq və alim Rəfiqə Əliyevanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!”

Nekroloqu Prezident İlham Əliyev, Mehriban Əliyeva, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Vasif Talıbov, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Akif Əlizadə, Fatma Abdullazadə, Mikayıl Cabbarov, Hicran Hüseynova, Abel Məhərrəmov, Tofiq Nağıyev, İbrahim Quliyev, Dilqəm Tağıyev, İsa Həbibbəyli, İsmayıl Hacıyev, Vaqif Fərzəliyev və Vaqif Abbasov imzalayıblar.

Mərhumun cənazəsi vidalaşmaq üçün 2017-ci il mayın 7-də saat 14.00 dan 16.00 dək Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaqdır.

Yeniçağ.az