!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Regional enerji siyasətinin genişləndirilməsi üçün imkanlar var" - Beynəlxalq Simpoziumun II paneli

!Reklam – Yazi

“Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi və Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən təşkil olunan Beynəlxalq Simpoziumun ikinci paneli yekunlaşıb.

Yenicag.az xəbər verir ki, telejurnalist Anar Yusifoğlunun moderator olduğu paneldə Rusiyalı jurnalist, tədqiqatçı-türkoloq İvan Starodubtsev, Qazaxıstan Türkdilli jurnalistlər Fondunun sədri Naziya Bissenova, Türkiyə İqtisad Universiteti, Türk Dünyası idarəçilik fakültəsinin dekanı Fərrux Tuzcuoğlu, azərbaycanlı politoloqlar Elxan Şahinoğlu və İlqar Vəlizadə, Şimali Kipr “Global Career” İnstitutunun direktoru, Azərbaycan-Kipr dostluq cəmiyyətinin sədri Orxan Həsənoğlu iştirak ediblər.

Paneldə ilk çıxış edən Türkiyənin İqtisadiyyat Universitetinin dekanı Fərrux Tuzcuoğlu çıxışı zamanı vacib məsələlərə diqqət çəkib:

“Necə bir dünyada yaşayırıq, bizim coğrafiyamız – Türkiye, Azərbaycan, Gürcüstan bu “qlobal rəsm”in harasındadır? Bu sualı cavablandırmaq üçün dünya iqtisadiyyatını formalaşdıran 3 əsas paradiqmaya diqqət etməliyik: mikromilliyətçilik, inteqrasiya və öngörülməzlik.

Bildiyimiz kimi, XIX əsrə qədər dünyada böyük imperiyalar mövcud idi, XX əsr isə milli dövlətlər əsri kimi yaddaşımıza həkk olundu. XXI əsrin mikro dövlət erası olacağı deyilir. ABŞ-da yerləşən araşdırma mərkəzləri hazırda dünyada mövcud olan dövlətlərin 2-4 dəfə artacağını iddia edir. Mikromilliyyətçilik dedikdə sadəcə etnik mənsubiyyət nəzərdə tutulur, amma buraya bir çox kiçik məsələlər də daxildir. Bunun üçün də böhran yaranmadan bu problemləri aradan qaldırmaq lazımdır. Digər bir diqqət etməli olduğumuz məsələ isə, təbii sərvətlərdir. Bu zənginliyə sahib olan ölkələr birinci növbədə təhlükəsizlik məsələlərinə diqqət etməli, daha sonra isə bu sərvətlərin bazara hansı formada çıxarılacağına fikir verməlidirlər.

İkincisi, hazırda dövlətlər tək başına hərəkət etmirlər. Dövrümüz inteqrasiya əsridir.

Üçüncüsü, öngörülməzlik, yəni böhranlı vəziyyətin idarə olunması. Ölkələr hədəflərinə çatmaq istəyərkən fərqli nəticələr əldə edə bilirlər. Buna görə də, böhranı fürsətə çevirməyin yollarə ətraflı şəkildə işlənib hazırlanmalıdır.

Qafqaz regionu çox böyük strateji əhəmiyyətə malik olan bir bölgədir. Sovet İttifaqı çökdükdən sonra burada iki əsas əməkdaşlıq xətti yaradılıb: Türkiyə-Azərbaycan-Gürcüstan və Rusiya-İran-Ermənistan.

Hazırda Türkiyə-Azərbaycan-Gürcüstan xətti üzrə həyata keçirilən yeni layihələr regionun inkişafına böyük töhvə verir”.

Paneldə çıxış edən İvan Starodubtsev əsasən, Türkiyə-Rusiya münasibətlərinin mövcud vəziyyətini ətraflı təhlil edib. O, iki ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində davamlı addımlar atıldığını vurğulayıb. Onun fikrincə, Türkiyə-Rusiya münasibətlərinin inkişafı bu dövlətlərlə sıx münasibətləri olan Azərbaycanın da maraqlarına uyğundur.

Politoloq Elxan Şahinoğlu isə, iqtisadi əlaqələrin birbaşa siyasətdən asılı olduğunu bildirib:

“Enerji əməkdaşlığının əsasında da siyasi proseslər dayanır. Həmkarım İvan Starodubtsev, Rusiya-Türkiyə arasında baş verən məlum hadisələr barədə danışdı. Qeyd etməliyəm ki, əlaqələrdə böhran yarananda bu, Azərbaycan üçün də çox diskomfort bir vəziyyət yaratmışdı. Çünki Türkiyə Azərbaycanın strateji əməkdaşıdır. Eləcə də, Rusya da Azərbaycanın tərəfdaşıdır. Amma cəmi 7 ay sonra münasibətlər elə bərpa olundu ki, hazırda bəlkə də əlaqələr ən yaxşı dövrünü yaşayır.

İki dövlət başçısı demək olar ki, hər ay görüşür və hər görüşdə Türkiyə prezidenti Dağlıq Qarabağ məsələsini gündəmə gətirir. Ərdoğan son görüşdən sonra bu məsələni Putinin diqqətinə çatdırdığını söyləyib. Lakin cavab belə olub: “Hələlik münaqişənin həlli üçün ümid yoxdur”. Birinci paneldə Maksim Şevçenko, bir daha qeyd etdi ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma bizim sözdən çox əmələ ehtiyacımız var. Necə ki, Türkiyə bunu göstərir. Bunu Rusiyadan da gözləyirik. Təəssüf ki, Rusiyadan hələ ki ədalətli yanaşma görmürük.

Regionumuzda böyük enerji layihələri reallaşdırılır. Məncə, danışıqlarda Türkmənistan qazının da daşınması məsələsi müzakirə olunur. Nabukko layihəsinin reallaşmasına Rusiya icazə vermədi. Bunu ekologiyaya zərər vurmaqla əsaslandırdı. Lakin Rusiya özü bu cür layihələri Şimal dənizində də, Qara dənizdə də həyata keçirir”.

Ekspert Bakı-Tiflis-Qars dəmiryolunun əhəmiyyətinə diqqət çəkərək Azərbaycan regionda əməkdaşlığın hökm sürməsini istədiyini bildirib:
“Rusiya və İran hər nə qədər Ermənistanı dəstəkləsə də, artıq enerji və digər layihələrin reallaşdırılması məsələsində Azərbaycana üstünlük verirlər. Layihələrdən kənarda qalaraq ən çox zərər görən Ermənistan, ən sərfəli qazanc əldə edən ölkə isə Gürcistandır. Gürcüstan vasitəçilik edərək böyük məbləğdə pullar qazanır. Hansı ki münaqişə olmasaydı bu pullar Ermənistanın cibinə gedəcəkdi”.

Politoloq İlqar Vəlizadə öz çıxışında diqqəti regionda cərəyan edən proseslərə və bölgənin əsas dövlətlərinin yürütdüyü siyasətə yönəldib.

Politoloqun fikrincə, hazırda regionda əməkdaşlıq üçün ciddi zəmin var və region dövlətlərinin bu imkanlardan yararlanması lazımdır.

Orxan Həsənoğlu öz çıxışını əsasən, Türk dövlətləri arasında təhsil sahəsində əməkdaşlıq məsələlərinə həsr edərək, bu dövlətlər arasında birgə universitetlərin yaradılmasının zəruriliyini vurğulayıb.

Həsənoğlu ortaq türk dilinin formalaşdırılması istiqamətində ciddi addımlar atmağa çağırıb.

Panelin sonunda natiqlərə plaketlər verildi.

 

www.yenicag.az

5357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv