bp-nin maliyyə dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Tovuz rayonunda icma əsaslı aqroturizmin inkişafına dəstək” layihəsi çərçivəsində mayın 18-də Tovuz “ABAD” regional mərkəzində “Azərbaycanın qərb regionlarında icma əsaslı aqroturizmin inkişafı imkanları və perspektivləri” mövzusunda konfrans keçirilib.
Aidiyyəti dövlət qurumlarının, turizm şirkətlərinin, aqroturizm və qonaqlama xidməti göstərən təsərrüfat subyektlərinin nümayəndələrinin, bloqerlərin və ekspertlərin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə açan “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi, layihənin koordinatoru Şəhla Talıbzadə çıxışında zəngin turizm-rekreasiya ehtiyatlarına – rəngarəng iqlimə, təbii və müalicəvi su ehtiyatlarına, əlverişli nəqliyyat infrastrukturuna, ekoloji təmiz ətraf mühitə malik, eləcə də tarixi, mədəniyyət və təbii abidələrlə zəngin olan, “Qədim İpək Yolu”nun üzərində yerləşən Tovuz rayonunda aqroturizmin inkişafına dəstək vermək və onun turistlər üçün cəlbediciliyini artırmaq məqsədilə layihə çərçivəsində nümunəvi aqroturizm və qonaqlama xidməti göstərən təsərrüfat subyektlərinin yaradıldığını, işçi heyətinin beynəlxalq təcrübəyə uyğun təlimləndirildiyini və ictimai məlumatlandırma tədbirlərinin həyata keçirildiyini bildirdi.
Tovuz Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Gəncə Regional Turizm İdarəsinin, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin, turizm şirkətlərinin, təsərrüfat subyektlərinin nümayəndələri, bloqerlər və aqroturizm üzrə ekspert Fərid Mustafayev çıxışlarında Azərbaycanda, o cümlədən ölkənin qərb bölgəsində aqroturizmin inkişafı üçün geniş imkanların olduğunu, son illər kənd yerlərinin inkişafı və əhalinin məşğulluğunda mühüm rol oynayan aqroturizm və qonaqlama xidməti göstərən təsərrüfatların yaradılması və onlar tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü, kənd turizminin bu sahəsinin inkişaf tempinin artırılması üçün yerli icmaların yaradılması və inkişafının təşviqi, məhsulların saxələndirilməsi, aqtoturizm sektorunda dövlət-özəl əməkdaşlığının genişləndirilməsinin zəruriliyini bildirdilər.
Konfransda səslənən təkliflərin bölgədə aqroturizmin inkişafına dair gələcək tədbirlərin və layihələrin həyata keçirilməsi məqsədilə aidiyyəti üzrə təqdim edilməsi qərarlaşdırıldı.
Məlumat üçün bildiririk ki, konfrans çərçivsində, həmçinin ölkəmizdə tanınmış turizm bloqerləri üçün təsərrüfat subyektlərinə turlar təşkil olunub. Onlar heyvandarlıq, arıçılıq və bağçılıq sahələrində yaradılmış aqroturizm təsərrüfat subyektləri və qonaqlama xidməti obyektlərində yaradılan şərait və göstərilən xidmətlərlə yaxından tanış olmaq imkanı əldə ediblər.