Regionda gərginliyi artıran amillər: “Azərbaycanın barışdırıcı mövqeyi yetərli olmur”
“İsraillə Türkiyə arasındakı gərginlik bəzən elə həddə çatır ki, Azərbaycanın barışdırıcı mövqeyi yetərli olmur”.
Bu fikri Yenicag.az-a açıqlamasında İran-İsrail müharibəsinin baş verməsi ehtimalını və regionin təhlükəsilik məsələlərini dəyərləndirən təhlükəsilik məsələləri üzrə ekspert İlham İsmayıl açıqlayıb.
İlham İsmayılın sözlərinə görə, gərginlik artacaq, ancaq bu müharibə həddinə çatmayacaq.
“Regionda onsuz da gərginlik var idi. Ancaq bu gərginlik daha çox artacaq. Yumşalma prosesi gözlənilirdi, son hadisəsən sonra bu proses daha da gərginliyə səbəb oldu. Əsas fiqurlar İran və İsraildir. İran İsraili hədələyəcək, xəbərdar edib, raket atacaq. İran bundan o tərəfə gedən deyil. İran görür ki, İsrail dayanmayacaq. Düzdür, Netanyahu dedi ki, onları çətin günlər gözləyir. Onlara bu çətinliyi yaradacaq güc “Hizbullah”dır. Dünən Bakı vaxtı ilə gecə saat 2-də “Hizbullah” İsrailə 60 raket atdı. O raketlərdən cəmi 15-i zərərsizləşdirildi. Bu proses bundan o yana keçməyəcək”, – deyə o əlavə edib.
Ekspertin sözlərinə görə, Qasım Süleymani İran üçün Haniyədən də vacib adam idi.
“Qasım Süleymani də öləndə dedilər ki, asacağıq-kəsəcəyik. Etdikləri ABŞ-nin İraqdakı bazasına raket zərbələri endirmək oldu. Tramp sonra bunu etiraf etdi ki, raket hücumundan əvvəl İran onları xəbərdar etmişdi. İran proksilərdən o tərəfə keçməyəcək.
Burada təəccüb edici Türkiyənin həddindən artıq fələstinpərəstliyidir. Türkiyə bizim qardaşımız, İsrail isə müttəfiqimizdir. İsraillə Türkiyə arasındakı gərginlik bəzən elə həddə çatır ki, Azərbaycanın barışdırıcı mövqeyi yetərli olmur. İndiki vəziyyətdə Türkiyənin bir günlük matəm etməsi, “İsrailə girərik Qarabağa girdiyimiz” kimi fikirlər səsləndirməsi yalnış bəyanat idi. Bütün bunlar gərginliyi artırır. Ancaq bölgədə müharibə həddinə çatmayacaq”, – deyə o fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd