Regionda güclərin MARAQLARI: “Rusiya, İran və Fransa sülhün olmaması üçün əlindən gələni edəcək” – MÖVQE
“Regionda güclərin maraqlarının təmin olunması istiqamətində Azərbaycanla Ermənistan xalqının arasında konfliktin yaranması İranın, Rusiyanın, Fransanın maraqlarına xidmət edir”.
Bunu bir müddət əvvəl Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ehtimalı daha çox səsləndiyi halda, son dönəmlər vəziyyətin gərginləşməsi və bunun səbəblərinə toxunan Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.
Zəlimxan Məmmədli bildirib ki, Rusiya, İran və Fransa bölgədə sülhün olmaması üçün əlindən gələni edəcək:
“Rusiya problemin mənbəyidir. Qarabağ yarasını Azərbaycanın içərisində yaradandır. Rusiya ilə İran Azərbaycanı böləndir. İranla Rusiya bu məsələdə ortaqdır. Təkcə bu məsələ Azərbaycanla bağlı deyil. Bu iki ölkənin istəyi türk dünyası ilə rabitəni qırmaqdır.
Qərb tərəfindən təklif olunan odur ki, Ermənistan Azərbaycanın suverenliyini tanısın və sülh sazişi imzalansın. Biz buna etiraz etmirik. Ermənistan özü buna qərar verməlidir. Ermənistanın qərarında Qarabağa əlahiddə iddialar varsa, bu başqa məsələdir, müzakirə oluna bilər. Biz Avropadan yönələn təşəbbüslərə diqqət etsək, sülh sazişinin imzalanması, demarkasiya və delimitasiyanın müəyyən olunmasına, qaçqınların geri qaytarılmasını istədiklərini görə bilərik.
Azərbaycan Ermənistana beş təklif verib. Bu təkliflər qəbul olunurmuş kimi Ermənistan tərəfdən reaksiyalar verilir. Putin çağıranda isə bundan imtina edirlər.
Qərblə Rusiyanın region uğrunda savaşı var. O savaşın kluminasiya nöqtələrindən biri Qarabağdır. Fransa daxil adını yuxarıda çəkdiyimiz ölkələr bu problemi yaradıblar. Onların regionda var olmaq fəlsəfəsi məlum problemi qızışdırmaq, öz maraqlarına uyğun saxlamaq düşüncəsidir. Bu açıq bir gerçəklikdir. Ona görə də, bu ziqzaqların başında belə iddialar durur. Artıq regionda güclər toqquşur. Azərbaycanla Ermənistan xalqının arasında konfliktin yaranması İranın, Rusiyanın, Fransanın maraqlarına xidmət edir. Rus qoşunları Azərbaycana gələndə və məhz təmas xətti kimi Qarabağın seçilməsi, sonrakı dönəmdə Qarabağa bir sıra təxribat xarakterli addımların atılması, separatçı rejimlə masa arxalarında oturmalarına əsasən Rusiya ilə qondarma rejimin birgə separatçılıq aparmasını deyə bilərik. Rusiya heç vaxt Azərbaycana xeyirə əlini uzatmayıb. Bu gün Rusiya problemin həll olmasında maraqlı deyil. Çünki istənilən zaman problemi körükləyərək Azərbaycana və Ermənistana təsir edə biləcəyini düşünür.
Son iki ildə Rusiya “Dağlıq Qarabağ”ı obrazlı desək, kökəldib. Silahlı dəstə yaradıb, onları nizami ordu halına salıb, təlimlər keçib, separatçılar yetişdirib, Kreml ora bir kapitalisti göndərdi, o artıq siyasi görəvlidir, separatçılıq açıq formada təbliğ olunur, Azərbaycan açıq formada təhdid olunur. Bunlar hamısı Rusiya siyasi dairələrinin Azərbaycana etdiyi basqılardır.
Düşüncəmizə görə, Türkiyənin Azərbaycanla inteqrasiyası, İngiltərə, İsrail, Pakistanla olan münasibətləri hərbi, siyasi, strateji müttəfiqliyə çevilməlidir. Konkret olaraq, region uğrunda savaşda türk nüfuzunun aktiv olduğu bölgədə mübarizəni udmalıyıq. Bunun üçün siyasi iradə lazımdır. Bunun elementləri var. Ölkədə səfərbərlik, mobilizasiya, bütün siyasi, ictimai sektorun vahid hədəf uğrunda mobilizasiyası təşkil olunmalıdır. O cümlədən, dövlətin liberallaşması, idarəetmədə ciddi islahatlar, siyasi sistemdə vacib dəyişikliklər aparılması lazımdır ki, dünyanın daha mütərəqqi tərəfinin dəstəyini qazana bilək. Bizə güclü bir Azərbaycan lazımdır”.
Səxavət Məmməd