Regionların aktivləşdirilməyən İQTİSADİ POTENSİALI: “Nəticədə bölgələri tərk edən insanlar…”

“Bölgələrdə sosial infrastrukturun inkişaf etdirilməsi, keyfiyyətli səhiyyə və təhsil imkanlarına çıxış da təmin olunmalıdır”.

Bu fikirləri Dövlət Statistika Komitəsinin ölkənin rayon və şəhərləri üzrə işsizlik səviyyəsinə dair bəyan etdiyi göstəricilərin reallığa uyğunluğunu dəyərləndirən iqtisadçı Rəşad Həsənov Yenicag.az-a açıqlamasında qeyd edib.Onun sözlərinə görə, zəruri tədbirlərin həyata keçirilməsi ilə regionların iqtisadi potensialı üzə çıxarıla və bölgələrə investisiya axını başlaya bilər:

“Əslində bu, kifayət qədər mürəkkəb məsələdir. Ümumiyyətlə, işsizliklə bağlı vəziyyətə sosial, iqtisadi, siyasi, mədəni faktorlar və müasir trendlərin təsirini görə bilərik. Eyni zamanda, bu yöndə dar çərçivədə görülən işlər heç bir halda faydalı ola bilməz. Əksinə, burada balanslı inkişaf və geniş əhatəli tədbirlər planı tələb edilir.

Xüsusilə, regionların balanslı inkişafının təmin edilməsi çox önəmlidir. İlk növbədə məşğulluq, iş yerlərinin açılması insanların gəlirlərinin artırılması kimi məsələlər həll edilməlidir. Bunun üçün kifayət qədər müxtəlif dövlət proqramları həyata keçirilsə də, nəticə qənaətbəxş deyil.

Düşünürəm ki, bu yöndə daha fundamental dəyişikliklərə gedilməli və iqtisadiyyat birmənalı olaraq liberal modelə keçirilməlidir. Həmçinin icra hakimiyyəti idarəetməsi ləğv edilməli, yerli özünüidarəetmə institutu gücləndirilməlidir. Bununla da regionlarda biznes və xidmət resurslarına çıxış tamamilə fərdiləşdirilməlidir.

Regionlarımızın iqtisadiyyatı xamdır, yəni yetərli qədər işlənilməyib. Sadalanan bu tədbirlər gerçəkləşdirilsə, regionların iqtisadi potensialı üzə çıxa və bölgələrə investisiya axını başlaya bilər. Həmin investisiya axınları yeni iş yerlərinin açılmasını şərtləndirəcək.

Nəticədə bölgələri tərk edən insanlar bu imkanlardan yararlanacaq, daxili miqrasiya xeyli zəifləyəcək. Digər tərəfdən, sosial infrastrukturun inkişaf etdirilməsi, keyfiyyətli səhiyyə və təhsil imkanlarına çıxış da təmin olunmalıdır. Alternativ sosial infrastrukturun yaradılması da vacib faktordur”.

Yusif Səmədzadə

COP29