Rəhbər vəzifədə işləmək istəyənlər üçün TEST İMTAHANI

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 29 sentyabr 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaqdır. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

İmtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əsli;
“İmtahana buraxılış vərəqəsi”.
Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Xatırladaq ki, dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, AA vəzifə qrupu üzrə 31 yer, AB vəzifə qrupu üzrə 379, AC vəzifə qrupu üzrə isə 1150 yer vakantdır. Vakant yerlər AC vəzifə qrupunda daha çoxdur. Vakant yerlər arasında kifayət qədər yüksək vəzifələr də mövcuddur. Belə ki, hazırda Hesablama Palatasında şöbə müdiri, İqtisadiyyat Nazirliyində Sahibkarlığa Kömək milli Fondunun rəhbəri, Kənd Təsərrüfatı Nazirliyində Dövlət Baytarlıq Xidmətinin rəhbəri ,Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəhbəri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri, Əmlak Məsələləri Dövlət Komitəsində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəhbəri vəzifələri vakantdır.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq setifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

COP29