!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəhim Qazıyevin Əbülfəz Elçibəyə 1993-cü ilin aprelində yazdığı İLGİNC MƏKTUB – EKSKLÜZİV

!Reklam – Yazi

Keçmiş müdafiə naziri Rəhim Qazıyevin mərhum prezident Əbülfəz Elçibəyə 26 il əvvəl yazdığı məktub üzə çıxıb.

Yenicag.az-ın əlyazmasını əldə etdiyi həmin məktub 1993-cü il aprelin 15-də yazılıb. Keçmiş nazirin məktubunun makinada yığılmış variantı eks-prezident Əbülfəz Elçiəyə çatdırılsa da, sabiq dövlət başçısı keçmiş komanda üzvünün müraciət və çağırışlarına cavab verməyib.

Rəhim Qazıyev istefa verməsindən təqribən iki ay sonra yazdığı məktubda keçmiş prezidentə bəzi xəbərdarlıqlar edərək, ölkə üçün təhdidlərin artdığını, təcili tədbirlər görülməyəcəyi təqdirdə, yeni faciələr yaşana biləcəyini diqqətə çatdırıb. Sabiq nazir eks-prezidentin yaxın çevrəsinin onun haqqında “Rusiyaya satılıb” iddiasını da birmənalı şəkildə rədd edib.

Sabiq müdafiə nazirinin 26 il öncə yazılmış həmin məktubunu cüzi ixtisarla təqdim edirik:

“Hörmətli Əbülfəz bəy!

Salam!

Azərbaycanda yaranmış vəziyyət və ondan çıxış yolları Sizi prezident kimi narahat edirsə, məni də bu hərəkatda müəyyən rolu və haqqı olan bir vətəndaş kimi rahat buraxmır. Ona görə də bu məktubu öz fikirlərimi Sizə açıqlamaq üçün yazmağı özümə borc bilirəm.

Bəy, mən hərəkata gələn ilk günlərdən Sizi tanımış və Sizə inanmışdım. Hesab edirdim ki, Siz nə qədər də demokrat olsanız belə, müstəqilliyimizin möhkəmlənməsi, torpaqlarımızın toxunulmazlığı, xalqımızın təhlükəsizliyi naminə Azərbaycanın ən ləyaqətli, ən intellektualvə iş bacaran mübariz övladlarını ətrafınıza yığacaqsınız. Həqiqətən də uzun illərdən bəri xalqımızın arzusunda olduğu əvəzolunmaz, tarixi bir rəhbəri olacaqsınız. Çox təəssüflər olsun ki, belə olmadı. Həmişə xalqı ilə nəfəs alan, ülvilikdən, müdriklikdən danışan Əbülfəz bəy yəqin ki, özü də hiss etmədən ətrafına əsasən, ləyaqətsiz, acgöz və tutduğu vəzifəsinə hər müqəddəsliyi qurban verən şərəfsizləri yığdı.

Bəy, hesab edirəm ki, bu məktubu Sizə yazmaq haqqım var. **** ola bilsin ki, “yaxınlarınız” da bunu Sizə deməyiblər. Lakin bilin, bunu xalq bunu çox ətraflı bilir, bir hissəsi bununla siyasi alver edir, bir hissəsi də (mənim kimiləri) ideal hesab etdikləri, ümid məbədi kimi baxdıqları Sizin bu halınıza və rəhbəri olduğunuz xalqın halına ürəkdən acıyırlar.

Mənim heç vaxt bunlardan siyasi avantüra məqsədi ilə istifadə etmək məqsədim olmayıb və olmayacaq.

Ona görə Sizin prezident olmağınızın əleyhinə idim ki, müəyyən mənada bilirdim ki, müxalifətin lideri olan Əbülfəz bəy iqtidarda müvəffəqiyyət qazana bilməyəcək.

1. Ona görə ki, Siz hakimiyyətə gələndə heç bir strategiyanız, fəaliyyət proqramınız və kadrlarınız yox idi.

2. Ətrafınızda bu torpağa can yandıran, sinəsini sipər edəcək adamlar az idi.

3. Dövlətçilik təcrübəsinin olmaması və Azərbaycan dövlətçiliyinin olmaması.

Təbii, fikirləşə bilərsiniz ki, guya səndə var idi? Doğrudur, məndə də yox idi. Lakin bəy, məndə gecə-gündüz bu torpaq və xalqdan ötrü yanar ürək, təmiz əl, ölənə kimi tükənməz enerji var. Bunu da Sizə təqdim etdim. Ətrafınıza yığılan məddahlara bu xoş getmədi. Sizin qulağınıza gecə-gündüz mənim çevriliş etmək istədiyimi, ruslara satıldığımı oxudular və inandırdılar. Lakin üzümə nə isə deməyə birinin kişiliyi çatmadı.

Bəy, bilin ki, belə bir bəşəri qüvvə yoxdur ki, məni bu xalqa, bu torpağa qarşı işləməyə vadar edə bilsin.

Mən istefaya gedəndən nazirlikdəki yoxlamalar, qəzetlərdəki ittihamlar, ləyaqətsiz adamların müsahibələri nədən ötrü təşkil olunmuşdu və kimin mənafeyinə xidmət edirdi? Bu ittihamlara ona görə cavab vermirəm ki, onlar səviyyəsinə enməyim.

Lakin hesab etməyin ki, Azərbaycanın taleyinin bu acınacaqlı vəziyyətə düşməsi üçün Sizdən cavab istənilməyəcək.

Hadisələrin gedişi və ondan törənə biləcək yeni faciələr haqqında Sizə məlumat verməyi vətəndaşlıq borcu hesab edirəm.

Əgər vaxtında tərəfinizdən qəti tədbirlər görülməsə, birinci növbədə Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, ikinci növbədə Gəncə-Goranboy bölgələrini işğal gözləyir.
İsgəndər Həmidov və onun quldur dəstəsi haqqında ciddi tədbir görməsəniz, dövlət çevrilişi və vətəndaş müharibəsi inkaredilməzdir.

Bilin ki, Sizə olan inam və məhəbbət getdikcə heçə enir. Bu isə Azərbaycanın başına daha böyük fəlakətlər gətirəcək və bəlkə də dövlət kimi onu məhv edəcəkdir.
Siz düşünə bilərsiniz ki, Rəhim mənə nə yaxşı belə canfəşanlıq edir, ya çox sevir, ya da yaltaqlanır.

Xeyr, hörmətli bəy, nə Sizi sevirəm, nə də yaltaqlıq edirəm, sadəcə olaraq, çiyinlərinizdə olan ağır və məsuliyyətli bir millət, xalq yükünün düşüb məhv olacağı fəlakəti məni sarsıdır. Əgər hesab etsəydim ki, Sizdən sonra iqtidara gələcək komandanın daha böyük torpaq, xalq problemi olub, bu xalqa bir xidmət edə biləcək Nazir olduğum zaman Sizi bir saatda çevirərdim. Mən bunu etmədim, lakin edənlər tapılacaq və xalqımız daha böyük fəlakətlərlə üzləşəcək. Özü də ətrafınızdakı bəzi şərəfsizlərin əli ilə.

Bu qədər Sizin vaxtınızı almaqda bir məqsədim, bir xahişim, bir tələbim var. Sizə vaxtilə müqəddəs, müdrik və ülvi təmiz bir şəxsiyyət kimi baxan və indi də rəhbəri olduğunuz bu xalqı böhrandan, faciədən qurtarmaq üçün tezliklə ətrafınızı təmizləyin, qəti və dönməz addımlar atın, əsaslısı da odur ki, silkələnin, ayılın. Yoxsa xalq Sizi bağışlamaz.

Hörmətli bəy, vaxt qısadır, düşmən qəddardır, rəhbəri olduğunuz xalq isə həm tez inanan, həm xeyirxah və həm də sadəlövhdür. Bunları Siz də bilirsiniz, lakin nədənsə unudursunuz.

Əgər lazım bilsəniz, məktubun cavabını mənə bildirərsiniz.

Hörmətlə, R.Qazıyev 15.04.93”

A.Zeynalov

www.yenicag.az

6733
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv