Hər zaman özəl həyatını gizli saxlayıb. Şəxsi həyatını, evini, avtomobilini kameralardan uzaq tutub. Yaradıcılığı ilə gündəmə gəlib. Rəhim Rəhimlini deyirəm…
Yenicag.az-a müsahibə verən müğənni ilk dəfə şəxsi həyatı ilə bağlı gizlinləri bölüşüb.
– Rəhim, tərif kimi çıxmasın, qalmaqalı da mədəni formada edirsiz?
– Ümumiyyətlə, qalmaqal etmirəm. Biri mənə aqressiv cavab veribsə, bu, mənim günahım deyil, həmin adam öz mədəniyyətini nümayiş etdirir. Ya onu qızışdırıblar, ya da özü istəyib ki, polemika olsun, söhbət böyüsün, gündəm yaransın. Mənim buna təvazökarlıqdan uzaq olsa da, heç ehtiyacım yoxdur. Çünki təhsil görmüş musiqiçiyəm. Bir də mən efirə çıxanda ilk iradı anamdan eşidirəm və hər zaman bunu nəzərə alıram. İstəmirəm ki, hər hansı sözümlə anamın kefini pozum. Anam irad tutur ki, oğlum, bu məqamda düzgün etmədin, nahaqdan kiminsə adını çəkdin və s.
– Heç olubmu ki, hansısa müğənniyə söz atdığınıza və kobud davrandığınıza görə ananız sizi danlayıb?
– Mən kiməsə kobud cavab verdiyimi xatırlamıram. Sadəcə olaraq, zarafatyana nəsə söyləyə bilərəm, yanlış anlaşıla bilər. O halda anamdan irad gəlib… Deyib ki, “bu insan zarafat anlamır, mədəniyyətdən uzaqdır, onun adını çəkməyə heç ehtiyac yox idi”. Yəni o cür insanlardan uzaq olmağı məsləhət bilib.
– Elə həmkarınız varmı ki, onunla aranızdakı münasibətlərə nöqtə qoyasınız?
– Nə yalan deyim, var. Həmin adamı görəndə, çalışıram ki, özümü görməməzliyə vurum. İstəmirəm nəsə olsun və yenidən kimlərsə söhbəti böyütsün. Səbrli insanam, amma eyni zamanda səbrsizəm. Biri ilə münasibəti bitirirəmsə, demək ki, sondur. Sonradan o insanla yenidən bir araya gəlmirəm.
– Demək ki, həm də kinlisən?
– Çox kinliyəm, bunu da boynuma alıram.
– Qisascıl deyilsən ki?
– Yox. 42 yaşa gəlib çatdım, qarışqanı belə əzmədim. Sakit təbiətli insanam.
– Özəl həyatınızı hər zaman gizlətmisiniz. Çox maraqlıdır, Rəhimin anlamında sevgi nədir?
– Məncə, ürəyində sevgi olmayan insan yoxdur. Bu, müğənni də ola bilər, jurnalist də, adi adam da… Hər kəsin içində bir sevgi var.
– Aşiq olduğunuz dönəmlərdə heç mahnılar yazdınızmı?
– Əksər mahnılarımın tarixçəsi var. Zamanında aşiq olub, bərabər yaşadığımız hissləri mahnıya köçürtmüşəm.
– Bəlkə birinin tarixçəsini danışasız?
– “Gözümün içinə bax” mahnımı sevdiyim xanımın qapısında yazdım. Gecəyarısı onun evinə getdim və ordan çıxandan sonra elə qapısının kandarında oturub, həmin mahnını yazdım.
– Lap dərdindən ölsəniz belə sevdiyinizə nəyi bağışlamazsız?
– Hər bir kişi kimi mən də xəyanəti bağışlamaram.
– Sevgidə siz daha çox xəyanətə uğramısız, yoxsa sizə xəyanət ediblər?
– Sevgidə deyə bilmərəm, qalan məsələlərdə daha çox mənə xəyanət olunub. Ən çox mənim ürəyim sızlayıb. Qaldı ki, sevgiyə, əfsuslar olsun ki, elə bir zəmanəyə gəlib çatdıq ki, bir də görürsən, hansısa kişi efirə çıxıb deyir, “həyat yoldaşım qayıdıb gəlsin, onu bağışlayaram”. Bu, mənə çatmır. Həyatımboyu elə qadını bağışlamaram. Mənim üçün mədəniyyət çox önəmlidir. Bir xanımın oturuşu-duruşu vacibdir. Onun içki içməsi, siqaret çəkməsinə diqqət edərəm. Hətta sevsəm də belə, o qadına bunu tərgitdirərəm.
– Bu qədər müasir görünən Rəhimin belə mühafizəkar olmasını təsəvvür belə etməzdim…
– Mənim belə modern görünməyimə baxmayın. Səhnədə beləyəm, əslində isə çox ciddi, gizlin, mühafizəkar, sərt qadağaları olan bir həyatım var.
– Gecə həyatınız yoxdur yəni?
– Məni gecəyarısı hansısa klublarda görən olmaz. Çox sakit həyat tərzi sürürəm.
– İndiyə qədər haqqınızda yayılan hansı şayiə sizə çox pis təsir edib, bunu özünüzə yaraşdırmamısız?
– Türkiyəyə ikinci səfərimdə belə bir şayiə eşitdim. O xəbəri mənə necə yaraşdırdılar, bilmirəm. Buna görə də çox ehtiyat edirəm. Hər yerdə görünmürəm, özümü qorumağa çalışıram.
– O hansı şayiə idi, deyin, oxucular da bilsin…
– Oxucular hər şeyi bizdən gözəl bilir.
– Adınızı narkotiklə hallandıranlar da oldu.
– Onu şou aləmində çoxları haqda deyirlər. Biri çıxıb deyirsə ki, hər kəs narkotikdən istifadə edir, o zaman həmin adamla eyni çevrədə olduğuma, eyni qabdan yemək yediyimə görə çox heyifsilənirəm. 3-5 nəfərin gecə həyatı, əyləncəsi var; kimsə nədənsə istifadə edər-etməz – bunu özü bilər… Bu cür məsələlər məni heç maraqlandırmaz. O da onun şəxsi həyatıdır. İnsanlara böhtan atmaq lazım deyil. Allah hər şeyi bağışlayar, böhtandan savayı.
Cəvahir