Rəisinin olduğu helikopter qəzası necə meydana gəldi? – Onun köhnəliyi problemi, yoxsa hava şəraiti…
“Helikopter əsaslı təmir olunubsa, onun istehsal ili önəm kəsb etmir, burada əsas səbəb hava şəraitidir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında İranda helikopter qəzasının səbəblərinə toxunan hərbi ekspert Rövşən Məhərrəmov deyib.
Rövşən Məhərrəmov bildirib ki, helikopter qəzasının səbəbi hava şəraiti olub.
“Helikopter qəzaları ən təhlükəli kateqoriyadandır. Tarixə baxanda helikopter qəzalarının həm sayı çoxdur, həm də bu qəzalardan sağ çıxma şansı çox azdır. İran nümayəndə heyətinin düşdüyü qəza zamanı hava şəraiti dumanlı və yağışlı olub. Hesab edirəm ki, bu hadisə də hava şəraiti ilə əlaqədardır”, – deyə o əlavə edib.
Ekspert qeyd edib ki, helikopter 50 ilə yaxındır istismardadır:
“Ancaq İran tərəfinin verdiyi məlumata görə, helikopter bir neçə dəfə əsaslı təmir edilib. Hesab edirəm ki, ilin köhnələyi burda önəmli deyil. Əgər əsaslı təmir varsa, bu o deməkdir ki, ilin köhnəliyi önəm kəsb etmir. Bunu təkcə mən yox, bu sahənin peşəkarları da deyir. Çox versiyalar ortaya atanlar var, ancaq peşəkarlar, helikopterdə uçanlar bilir ki, hava şəraiti helikopter üçün nə deməkdir. Ona görə də, bu hadisənin sırf hava şəraitindən baş verdiyini düşünürəm”.
Səxavət Məmməd