İran prezidenti İbrahim Rəisinin ölümü ilə nəticələnən helikopterin qəzaya uğramasının təfərrüatları məlum olub.
May ayında baş verən hadisədə Raisi helikopteri İranın şimalında dağlıq bölgədə qəzaya uğrayıb. Qəzada xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla cəmi 8 nəfər həyatını itirib.
Yenicag.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, rəsmi araşdırma zamanı məlum olub ki, qəza çətin hava şəraiti səbəbindən baş verib. Hesabatda helikopterin dağa çırpılması zamanı qəfil yaranan sıx dumanın təsirli olduğu bildirilib. ABŞ istehsalı olan “Bell 212” helikopterində təxribat əlamətinin olmadığı da vurğulanıb.
Xatırladaq ki, qəza Yaxın Şərqdə gərginliyi artırıb, çünki ilkin ehtimallar helikopterin vurulması ehtimalı idi. Lakin sonradan bunun bədbəxt hadisə olduğu üzə çıxıb. İsrail helikopteri vurduğuna dair iddiaları rədd edib.
Rəisinin ölümü İran rejimi üçün böyük zərbə kimi qiymətləndirilib. 85 yaşlı dini lider Xamneyinin potensial varisi kimi görünən Rəisinin itirilməsi ölkə rəhbərliyində qeyri-müəyyənlik yaradıb.
Nəsimi Ələsgərli