“Əgər 20-ci əsrdə mətbuat cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən, məlumatlandıran bir vasitə idisə, bu gün bu funksiyaların bir çoxu itirilib”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında reklam bazarında sosial medianın hegemonluğu və mətbuat orqanları ilə sosial medianın rəqabəti barədə danışan “Report” Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanın hər bir mətbuat orqanını yəqin kifayət qədər gəlir əldə etmək, media bazarında rəqabətə davamlı olmaq, bolluca reklam qazanmaq düşündürür.
“Reklam gəlirlərini adətən redaksiyanın başında duran şəxs özü diqqətdə saxlayır. Medianın xərci az olmur, bunu qarşılamaq üçün baş redaktor mümkün olan bütün vasitələrə əl atmaqla öz qurumunu yaşatmalıdır. Ölkənin media bazarında KİV-in sayı çox olduğundan reklam heç də hamıya kifayət edəcək qədər deyil. Onu əldə etmək də çətindir. Niyə reklam hamıya bəs eləmir? Bunun bir neçə səbəbi var. Reklamın çox böyük hissəsi ənənəvi olaraq televiziyalara ayrılır. Bu həmişə belə olub. Doğrudur, bu göstərici ildən-ilə daha çox internet məkanına yönəlir, amma telekanallar hələ də reklamın böyük hissəsini qazanırlar. Reklam internetdə də daha çox görüntülü formatda olur. Yəni internet TV kanalları saytlara nisbətən daha çox reklam əldə edə bilirlər, çünki insanlar xəbəri və ya yazını oxumaqdansa, məlumatı görüntülü izləməyi daha çox sevirlər. Bu, daha rahatdır. Sayt rəhbərləri bu rəqabətdə yenə də uduzurlar”, – deyə o əlavə edib.
İ.Rafiqoğlu qeyd edib ki, müasir dövrdə ənənəvi redaksiyaların ən böyük problemi sosial mediadır.
“Əgər 20-ci əsrdə mətbuat cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən, məlumatlandıran bir vasitə idisə, bu gün bu funksiyaların bir çoxu itirilib. Əlində adi bir smartfonu olan hər kəs videohostinqlər, bloqlar, sosial media vasitəsilə istənilən məlumatı yaya, populyarlıq qazanaraq böyük auditoriya qazanar bilər. Hansı platformaya daxil olsaq, yüzlərlə bloqçuya, məlumat yayan şəxsə rast gələ bilərik. Reklam bazarını, əslində, onlar zəbt ediblər. Özü də bu insanlar hansısa etik normaya, qayda-qanuna riayət etmək fikrində deyillər”, – deyə o bildirib.
Ekspert vurğulayıb ki, vacibi auditoriya toplamaq, sponsor tapmaq, kiminsə məhsulunu reklam etməkdir.
“Böyük kütləyə təsir etmək imkanı olan bu şəxslər mövcud mediadan daha operativ tərpənməklə daha çox reklam əldə edə bilirlər. Bundan əlavə potensial reklam verə biləcək şirkətlər də başqa yöndə hərəkət edirlər. PR və marketinq departamentləri artıq birbaşa sosial mediadan yararlanmaqla alıcı auditoriyasına yol tapırlar. Bir sözlə, reklamı Azərbaycan mediası yox, quql, feysbuk, yutub, instaqram kimi nəhəng platformalar qazanır. Müasir dövrdə köhnə reklam düşüncəsi artıq işləmir. Bu platformalar reklamı birbaşa mal və xidmətdə marağı olan şəxslərə çatdırır. Hətta bloqçular da hər hansı bir məhsuldan elə belə danışmırlar. Reklam elə təqdim edilən mövzuya yaxın olmalıdır. Bəs mətbuat nə etməlidir? Reklam necə qazanılmalıdır? Bu, olduqca incə məsələdir. Yəni mətbuat da yeni qaydalara uyğunlaşaraq çalışmalıdır. Bir məhsul barədə uydurulmuş reklam çağırışı yox, real məlumat hazırlamaq gərəkdir. Alıcını aldatmaq yox, doğru məlumatlandırmaq tələb olunur. Media daha keyfiyyətli kontent hazırlamalı, daha çox auditoriya toplamalı, populyarlıqdan gəlir və reklam əldə etmək üçün yararlanmalıdır. Bu halda müsbət nəticə əldə etmək mümkün olar”, – deyə o, fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi